10:43 07-10-2021
news_image
191
FUTBOL

İrlandiyalı futbolçu: “Azərbaycana favorit kimi gedirik”

“Azərbaycan millisinin FİFA reytinqində aşağı pillələrdə qərarlaşması o qədər də əhəmiyyət kəsb etmir”.

Apasport.az saytının məlumatına görə, bunu İrlandiya yığmasının yarımmüdafiəçisi Ceymi Makqart DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyun barədə danışarkən deyib.

25 yaşlı hücumameyilli oyunçu Bakıdakı matçda favorit olduqlarını bildirib: “İstənilən rəqiblə oyunda təzyiq olur. Hətta Andorra ilə görüşdə də bunu hiss edirsən. Hansı səviyyədə oynamağınızdan asılı olmayaraq, futbolda heç vaxt asan oyun olmur. İndi Azərbaycana favorit kimi gedirik, amma çətin olacaq. İşləri qaydasına salmaq üçün bu həftə çox iş görməliyik. Yaxşı məşq keçməli və şənbə günü qələbə üçün çalışmalıyıq. Bakıya qələbə qazanmaq üçün gedirik və bunu bacaracağımıza ümid edirəm”.

Makqart “Dandolk”da olarkən 2019/20 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirilən oyunları da yada salıb. O, Dandonlkdakı 1:1 hesablı heç-heçədən sonra səfərdə böyük hesabla (0:3) uduzmalarına münasibət bildirib: “Evdə “Qarabağ”ı məğlib etməli idik. Ən azı iki qol vura bilərdik, mənim də fərqlənmək üçün şansım oldu. Səfərdə isə bunun cəzasını çəkdik. Bu cür Avropa oyunları insanın gözlərini açır. Əgər ələ düşən imkanı dəyərləndirməsəniz və rəqibə kiçik boşluq versəniz, yararlanacaq. Bu, səhvlərə görə bizi cəzalandıran komandalarla ilk təcrübəm idi”.

Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçı saat 20:00-da start götürəcək.