23:24 08-10-2021
news_image
130
FUTBOL

Milan Obradoviç: "Qələbəyə vaxtımız çatmadı"

“Komandam yaxşı mübarizə apardı. Qələbə qazanmaq istəyirdik”.

Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç deyib.

Serbiyalı mütəxəssis AVRO-2023-ün seçmə mərhələsinin Finlandiya ilə Sumqayıtdakı oyunu barədə fikirlərini açıqlayıb: “İlk hissədə qol vurmaq üçün bir neçə şansımız oldu. Təəssüf ki, istifadə edə bilmədik. Fasilədən sonra bir müddət oyuna rəqib nəzarət etdi. Ancaq sonradan toparlandıq və öz oyunumuzu oynamağa başladıq. Futbol elə oyundur ki, sən qol vurmasan, sənə qol vuracaqlar. Təəssüf ki, belə də oldu, qapımızdan qol buraxdıq. Nəticədə son dəqiqələrdə hesabı bərabərləşdirsək də, qələbə qazanmaq üçün vaxtımız çatmadı. Hətta bərabərlik qolundan sonra meydana ikinci hücumçunu buraxdım. Meydanda hər iki komanda texniki-taktiki mübarizə apardı. Sonacan dəstək olduqlarına görə azarkeşlərə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.