13:09 11-10-2021
news_image
92
FUTBOL

100-ə üç addım qaldı

Sabah Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsində yer alan yığmamız VIII turda Serbiya ilə qarşılaşacaq.

Belqraddakı “Rayko Mitiç” stadionunda baş tutacaq görüş komandamızın tarixində 274-cü sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 273 matça çıxıb. 

Hesabında 51 qələbə və 74 heç-heçə olan yığma 148 dəfə uduzub. Millimiz evdə minimal hesabla uduzduğu (1:2) rəqiblə səfərdə heç-heçə etsə, yubiley sülhünü rəsmiləşdirəcək. Əvvəlki 273 qarşılaşmada 201 qol vuran futbolçularımız 454 top buraxıb.

Bu, millimizin baş məşqçi Canni de Byazinin rəhbərliyi altında 18-ci sınağı olacaq. İtaliyalı çalışdırıcı ilə keçirilən əvvəlki 17 matçda komandanın hesabında cəmi 2 qələbə var. 5 heç-heçəsi olan milli oyunların yarıdan çoxunda – 10 məğlubiyyət alıb. Növbəti yenilgi sayca 11-ci kimi tarixə düşəcək. Futbolçularımız bu görüşlərdə 9 dəfə fərqlənibsə, rəqiblər 22 qola seviniblər. Komandamız de Byazini 10-cu dəfə qola sevindirməyə çalışacaq.

Onun rəhbərliyi altında keçirilən 12 rəsmi xarakterli görüşdə 1 qələbə, 4 heç-heçə və 7 məğlubiyyət qeydə alınıb. 5 qol vuran yığma 16 top buraxıb. 

Serbiya ilə qarşılaşma rəsmi turnirlərdə 145-ci matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 144 oyuna çıxan komanda indiyədək 16 qələbə qazanıb, 31 heç-heçə edib 97 dəfə isə uduzub. Rəqib qapılarına 82 qol vuran futbolçularımız indiyədək 291 top buraxıb. Yığmamızın seçmə mərhələnin son iki matçında buraxdığı qolların sayını 300-ə çatdırması real görünmür. Ancaq yəqin ki, bunu görmək üçün çox gözləməyə ehtiyac qalmayacaq.

DÇ-lərdə 65-ci oyuna çıxacaq komandamızın 7 qələbəsi var. 15 heç-heçə edən milli 42 dəfə uduzub. Əvvəlki 64 seçmə oyunda 32 qola sevinən futbolçularımız 116 top buraxıb.

Qeyd edək ki, sabah keçiriləcək Serbiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.