17:11 11-10-2021
news_image

Sənan Süleymanov: "Yarışa gələndə formada olmadığımı düşünürdüm"

“Təxminən 1 ay belimdəki zədəmlə bağlı məşq edə bilmədim. Hətta dünya çempionatında güləşməmək ehtimalım var idi. Çünki ciddi zədə idi”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov deyib. 

77 kq-da çıxış edən pəhləvanımız Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında yeganə gümüş medalımızı qazanıb. Karyerasında ilk dəfə mundialda fərqlənən gənc güləşçi DÇ-dəki çıxışı haqqında Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verib: “Müalicəmi davam etdirməklə yanaşı, təlim-məşq toplanışında da iştirak etdim. Hazırlıq prosesində sparrinqlər əsasən yüngül çəkili güləşçilərlə oldu. Dünya çempionatında finaladək ən çox çətinlik çəkdiyim qarşılaşma yarımfinala təsadüf etdi. Hesabda 5:0 öndə idim. Səhv üzündən hesab 5:4 oldu”.

O çempionluğun bir addımlığında büdrəməsinə də aydınlıq gətirib: “Əslində yarışa gələndə formada olmadığımı düşünürdüm. Ancaq mübarizəyə başladıqdan sonra çempion ola biləcəyimi anladım. Finalda 1:2 hesabıyla məğlub oldum. Nəsə çatmadı. Buna da şükür. Dünya çempionatında ilk medalımı qazandım. Ancaq qızıl olsaydı, daha yaxşı olardı. Əvvəllər parterdə xal almağa çətinlik çəkirdim. Son 1 ildə bunun üstündə çox işləyirəm. Bu yarışda da əksər xallarımı parterdən qazandım. Bu da həmin məşqlərin bəhrəsidir”.