18:00 11-10-2021
news_image

Eldəniz Əzizli: “Son vaxtlar yarımfinal sindromu yaşayıram”

“Yarış yaxşı keçdi. Yarımfinalda bəzi səhvlərə yol verdim”.

Apasport.az saytının məlumatına görə, bunu Norveçin paytaxtı Osloda yunan-Roma güləşi üzrə keçirilən dünya çempionatında bürünc medal qazanan Eldəniz Əzizli deyib.

55 kq çəki dərəcəsində fəxri kürsüyə çıxan 29 yaşlı güləşçi Azərbaycan Güləş Federasiyasının rəsmi saytına təəssüratlarını bölüşüb. O, hakim səhvlərindən gileylənib: “Hakim səhvləri də sözünü dedi. İki epizodda rəqibin arxasına keçib fənd etməyə imkan vermədilər. Ancaq rəqib də zəif deyildi. Təsadüfi deyil ki, Yaponiya güləşçisi dünya çempionu oldu. Ümumi götürsək, medalsız qalmadığım üçün şadam. 2018-ci ildən başlayan AÇ və DÇ-lərdə medal qazanmaq ənənəsini davam etdirdim”.

Dünya çempionu bu dəfə bürünc qazanmasını uğursuzluq hesab etmir: “Dünya çempionu olandan sonra uduzmaq istəmirsən. Çünki qızıl qazanan idmançı sonradan gümüş və ya bürünc əldə edəndə, bunu bir çoxları uğursuzluq kimi qələmə verir. Halbuki əslində belə deyil. O fikirlə razıyam ki, son vaxtlar yarımfinal sindromu yaşayıram. Məsuliyyət hissinin böyük olması mənə rahat güləşməyə imkan vermir. Yarımfinalda güləşəndə bir az sıxılıram. Çalışacağam ki, bundan sonra bu mərhələyə psixoloji cəhətdən özümü tam hazır edim”.

Qeyd edək ki, 2018-ci ildə Macarıstanda dünya çempionluğunu qazanan Eldəniz Əzizli bir il sonra Qazaxıstanda 3-cü yeri tutub. O, AÇ və DÇ-lərdə ümumilikdə 8 medal əldə edib ki, bu da klassik güləşdə yeni rekorddur.