09:19 12-10-2021
news_image
70
FUTBOL

Daha 4 yığma Azərbaycan millisinin taleyini yaşadı

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində qrup oyunlarının VIII turunun ilk günü başa çatıb.

Apasport.az saytının məlumatına görə, turun ilk günü daha 3 yığmanın Qətər xəyalının üstündən birdəfəlik xətt çəkib.

Söhbət final mərhələsinə birbaşa vəsiqə və pley-off şansı rəsmən bitən komandalardan gedir. Estoniya və Belarus E, Slovakiya ilə Sloveniya isə H qrupunda ilk iki yerdən birini tutmaq üçün nəzəri şanslarını da itirib. Ancaq digərlərindən fərqli, Sloveniya Millətlər Liqasının pley-offundan yüksəlmək ümidini davam etdirir.

Bununla da seçmə mərhələdən DÇ-2022-yə vəsiqə üçün mübarizə aparan Avropa ölkələrinin sayı 36-ya enib. 55 iştirakçıdan 19-u buradan Qətərə yollanmaq ümidini itirib.

Dünənki 4 uğursuzdan öncə 15 komanda da eyni taleyi yaşamışdı. Buna qədər A qrupunda Azərbaycan, İrlandiya, B qrupunda Gürcüstan, Kosovo, C qrupunda Litva, D qrupunda Qazaxıstan, F qrupunda Moldova, Farer adaları, G qrupunda Cəbəllütariq, Latviya, H qrupunda Malta, Kipr, I qrupunda Andorra, San Marino və J qrupunda Lixtenşteyn üçün finiş formallığa çevrilib.