10:05 12-10-2021
news_image
73
FUTBOL

Canni de Byazi: “Onlar bizdən təcrübəlidir”

“Mümkün qədər səhvləri düzəltməyə, şans yaratmağa və mümkünsə qələbə qazanmağa çalışacağıq”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə keçiriləcək səfər oyunu barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis güclü qrupda yer aldıqlarını vurğulayıb: “Hamı qələbə arzuladığı üçün təzyiq həmişə olur. Qrupumuzda beşinci olduğumuzu bilirik. Biz gələcəyin komandasını qurmaq istəyirik. Güclü komandalarla oynadığınız zaman az qol vuracağınız və çox top buraxma ehtimalınızın olduğu məlumdur. Qrupumuzun nə qədər güclü olduğunu bilirik. Digər yığmaların hamısı bizdən təcrübəlidir. Əlbəttə, oyunçu sayı məhduddur. Ancaq assosiasiya təməl sayılan futbol məktəblərindən başlayaraq çoxsaylı layihələr üzərində işləyir”.

De Byazi aşağı yaş qrupu üzrə yığmalarda çalışan serbiyalı mütəxəssislər Milan Obradoviç və Miloş Velebitlə müntəzəm əlaqədə olduğunu əlavə edib: “Milanla çox yaxşı əməkdaşlıq edirəm. Onun çalışdırdığı U-21 yığmasının bu günlərdə Finlandiya ilə heç-heçə etməsi ölkə futbolunun gələcəyi olan futbolçularla yaxşı iş aparıldığını göstərir. Onun futbolçuları tezliklə əsas milliyə hazır olacaqlar. Miloşa gəldikdə, onunla yaxşı işbirliyim var, amma bir-birimizi işdə, assosiasiyada görürük”.

Qeyd edək ki, bu gün Belqradda keçiriləcək Serbiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.