12:26 12-10-2021
news_image
93
FUTBOL

Serbiyanın millimizlə oyun üçün “11-liy”i açıqlandı

DÇ-2022-nin seçmə mərhələsində bu gün Azərbaycan millisini qəbul edəcək Serbiya yığmasının təxmini “11-liy”i açıqlanıb.

Apasport.az saytının Serbiya mətbuatına istinadən məlumatına görə, baş məşqçi Draqan Stoykoviç heyətdə bəzi dəyişikliklərə əl atmalı olacaq.

Bu isə zədədən çox oyunçuların son turda Portuqaliya ilə keçiriləcək qarşılaşma öncəsi cəzalı duruma düşmə qorxusundan qaynaqlanır. Çünki serblərin 6 oyunçusu sarı vərəqə limitindədir.

Bunu nəzərə alan çalışdırıcının bir neçə aparıcı oyunçuya istirahət verməsi proqnozlaşdırılır. Xüsusən də, kapitan Duşan Tadiç çox güman ki, ehtiyac duyulmadıqca meydana çıxmayacaq. Cəza limitində olanlardan Aleksandar Mitroviç və Nemanya Qudelin iştirakı isə sual altındadır. Baş məşqçi birincinin əvəzinə Luka Yoviçə şans verməyi düşünür. Qudelin durumu isə Nemanya Maksimoviçdən asılıdır. Zədədən əziyyət çəkən Maksimoviç matça hazır olmasa, baş məşqçi məcburiyyətdən “Sevilya”nın yarımmüdafiəçisini oynatmalı olacaq.

Ümumilikdə Serbiya yığması 3-lü müdafiə sxemindən yararlanacaq. 3-5-2 sistemində hücumçuların arxasında Sergey Milinkoviç-Saviç pleymeyker funksiyasını daşıyacaq.

Serbiya yığmasının təxmini “11-liy”i: Predraq Raykoviç – Miloş Veljkoviç, Matiya Nastasiç, Uroş Spayiç – Darko Lazoviç, Saşa Lukiç, Nemanya Maksimoviç (Nemanya Qudel), Filip Kostiç – Sergey Milinkoviç-Saviç – Luka Yoviç (Aleksandar Mitroviç), Duşan Vlahoviç.

Qeyd edək ki, Belqradın “Rayko Mitiç” stadionunda keçiriləcək Serbiya – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.