09:09 13-10-2021
news_image
112
FUTBOL

Daha 4 yığmanın mundial şansı “öldü”

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində qrup oyunlarının VIII turuna yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun ikinci günü daha 4 yığmanın Qətər xəyalının üstündən birdəfəlik xətt çəkib.

Söhbət final mərhələsinə birbaşa vəsiqə və pley-off şansı rəsmən bitən komandalardan gedir. Lüksemburq A, Bolqarıstanla Şimali İrlandiya C, Avstriya isə F qrupunda ilk iki yerdən birini tutmaq üçün nəzəri şanslarını da itirib.

Bununla da seçmə mərhələdən DÇ-2022-yə vəsiqə üçün mübarizə aparan Avropa ölkələrinin sayı 32-yə enib. 55 iştirakçıdan 23-ü buradan Qətərə yollanmaq ümidini itirib.

Dünənki 4 uğursuzdan öncə 19 komanda da eyni taleyi yaşamışdı. Buna qədər A qrupunda Azərbaycan, İrlandiya, B qrupunda Gürcüstan, Kosovo, C qrupunda Litva, D qrupunda Qazaxıstan, E qrupunda Estoniya, Belarus, F qrupunda Moldova, Farer adaları, G qrupunda Cəbəllütariq, Latviya, H qrupunda Malta, Kipr, Slovakiya, Sloveniya, I qrupunda Andorra, San Marino və J qrupunda Lixtenşteyn üçün finiş formallığa çevrilib.