10:50 13-09-2008
news_image
444
STOLÜSTÜ OYUNLAR

Rəcəbovun “körpə”yə gücü çatmadı

Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Böyük Dəbilqə” superturnirində uğursuzluq zolağından çıxa bilmir. “APA-Sport”un məlumatına görə, 21 yaşlı qrossmeyster Bilbao şəhərində keçirilən yarışın IX turunda da qələbə hesabını aça bilməyib.

Ağ fiqurlarla Maqnus Karlsenlə (Norveç) qarşılaşan təmsilçimiz yenə heç-heçə ilə kifayətlənib. “Körpə” ləqəbli 18 yaşlı Karlsen həmyerlimizdən 1 xal qoparıb. Tərəflər 53-cü gedişdə “sülh” bağlayıblar. Hesabat turunda baş tutan Vasili İvançuk (Ukrayna) - Levon Aronyan (Ermənistan), Vişvanatan Anand (Hindistan) - Veselin Topalov (Bolqarıstan) görüşlərində də qalib müəyyənləşməyib.

Son tur ərəfəsində Topalov 14 xalla liderliyi qoruyub. Bolqarıstanlı şahmatçının ən yaxın izləyiciləri Aronyan (13 xal), Karlsen və İvançukdur (hər ikisi 12 xal). Mükafatçılar sırasında yer almaq şansını ötən tur itirən Rəcəbovla Anand 7 xalla 5-6-cı pillədə qərarlaşıblar. Bu gün sonuncu turda Karlsen - Anand, Topalov - İvançuk və Aronyan - Rəcəbov görüşləri keçiriləcək.