15:09 13-10-2021
news_image
2089
FUTBOL

Zaur Ramazanov: “Axırda Lüksemburq da gəlib bizi burada məğlub edəcək” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu, “Səbail” akademiyasının baş meneceri vəzifəsindən yenicə ayrılan Zaur Ramazanovun apasport.az saytına müsahibəsi

- “Səbail” akademiyasının baş meneceri vəzifəsindən ayrıldıqdan sonra bunu AFFA-nın ismarıcı olduğunu bildirdiniz. Kənardan elə təəssürat yaranır ki, bəzi mütəxəssislərin futboldan uzaqlaşdırılmasına çalışılır. Bunun səbəbi ilə heç maraqlanmısız? 
- Məni heç kim futboldan uzaqlaşdıra bilməz. Onlar özlərini aldadırlar. Qardaşım da, bacım oğlu da, qardaşım oğlu da futbolçudur. Özü də gələcəyi parlaq uşaqlardır. Yəni bizim soyadımız Azərbaycan futbolunda həmişə olacaq. Ancaq onlar insanların xatirəsində çox pis hərəkətlərlə qalacaq. Hara getsəm, məni tanıyırlar, hörmətlə yanaşırlar, şəkil çəkdirmək istəyirlər. Ancaq AFFA-dakılar hara gedirlər təhqirlə üzləşirlər. Sosial şəbəkələrdə onları necə söyürlər, biabır edirlər.

- Bir qisim futbol idarəçiliyindən narazılıqla, bir hissə isə razılıqla danışır. Bu zidd düşüncə nədən irəli gəlir?
- Onların tərəfini tutanlar görün kimlərdir. Həmin şəxslər 700-1000 manata görə Elxan Məmmədovun gözünə girməyə çalışırlar. Mən də o əqidədə olsaydım, indi öz yerimdə, bəlkə də, daha yüksək yerlərdə idim. Mənim Elxan Məmədovla problemim yoxdur, onun mənimlə problemi var.

- Bəs bu problem nədir? Heç maraqlanmısınız?
- Bir səbəb var: sözün düzünü deyən adamam. Gərək danışmayım, kiminsə adını çəkməyim. Deyirlər ki, ingilis dilini, fransız dilini bilmək lazımdır. Bu dilləri bilirlərsə, niyə bunun futbolumuza köməyi dəymir. 14 ildir hər gələn millimizə 3-4 qol vurur. Futbolumuzda problem heç məşqçi də deyil. De Byazi getsin, İvan və ya başqa biri gəlsin. Bu biabırçılıqların səbəbi futbolumuzda düzgünlüyün olmaması, kim hara layiqdirsə, orada yer almamasıdır.

- Milli komanda DÇ-2022-nin seçmə mərhələsində İrlandiyaya 0:3, Serbiyaya isə 1:3 hesabı ilə məğlub oldu. Oyunları izlədiniz?
- Bəli, izlədim. Bilirsiz, mənim ətrafım çox böyükdür. Dostlarla bir yerdə otururuq, hamısı eyni sualı verir ki, bizim futbol nə vaxt düzələcək? İnanırsız, heç olmasa günortaya qədər o fikirləri eşitməmək üçün bayıra çıxmaq istəmirəm. Mən belə başa düşürəm ki, axırda Lüksemburq da gəlib bizi burada məğlub edəcək.

- Ancaq son matçlarda, demək olar ki, üzdə olan futbolçuların hamısı iştirak etdi. İdeal heyətlə də məğlub oluruqsa, baş məşqçi başqa nə etməlidir?
- Millimizin heyəti çox da zəif deyil. Əksinə, yaxşı kollektiv var. Sadəcə, onları bir arada tutmaq üçün yerli məşqçi lazımdır. Yerli mütəxəssis komanda daxilində olan hər şeyi hiss edə bilir. Hələ deyirlər də ki, millimiz gənc komandadır. Gənc İspaniya yığmasıdır, 17-18 yaşlı uşaqlarla oynayır. Əli Qurbaninin 31, Filip Ozobiçin 30 yaşı var. Onlar hardan cavan oldular? Demək olar ki, ən qoca komandalardan biri bizim yığmadır. Gənc heyət deyərək camaatın başını aldatmasınlar. Bəzi mütəxəssislər var, müsahibələrində deyirlər ki, 0:1 uduzsaydıq daha yaxşı olardı. Uduzmağın 0:1-i və ya 0:3-ü var? Daha soruşan yoxdur ki, nə vaxta qədər uduzacağıq. Həmin adamlar çıxıb hər oyunda 3 qol buraxmağımızın səbəbini desinlər də. Hamısı ağzını açanda savaddan, futbol biliyindən danışırlar. Görünən odur ki, onların savadı yoxdur, heç nə bilmirlər. Savadı olanları isə işləməyə imkan vermirlər. Hərə ilə bir formada prinsip aparırlar. Prinsip olan yerdə uğur qazanmaq mümkün deyil. İstər müsəlman, istərsə də xristian olsun, kimsə prinsip aparırsa, başqasının yolunu bağlayırsa, paxıllıq edirsə, orada ömür boyu inkişafdan söhbət getməz. Torpaqlarımızı işğaldan necə aldığımızı gördünüz. Hamımız bir yumruq kimi birləşdik, eyni nöqtəyə vurduq. Milli komanda da bizim qürurumuzdur, millimizdir. Onun uğuru üçün hamımız çalışmalıyıq. Yoxsa “Zaur, Rəşad filan şey dedi, bizə lazım deyil, Ağabala filan kluba keçdi, çağırmayaq”, kimi prinsiplərlə işləmək bizə heç vaxt qələbə gətirməz.

- Milli komandaya yerli mütəxəssisin gətirilməsi bütün problemləri həll edəcək?
- Məşqçilik bir şey yoxdur. Amma əcnəbi məşqçilər də bir-birini əvəzləməklə məşğuldur, hərəsinin də ağzından bir avaz çıxdı. De Byazi təzə gələndə dedi ki, mən bu komandanı final mərhələsində görürəm, belə asıb, belə kəsəcəyik. İndi də açıqlayır ki, bizim yerimiz elə axırıncı yerdir. Bunu hansısa azərbaycanlı məşqçi desə, onu Azərbaycanın ən sonuncu adamı çıxarardılar ki, bizə söz vermişdin. Yerli məşqçi elədir ki, onun dediyini futbolçu çətin də başa düşsə, ən azı nə söyləmək istədiyini bilir.

- Məsələn, kimi məsləhət görərdiniz?
- Niyə Mahmud Qurbanov, Vidadi Rzayev işləməməlidir? Deyirsiz ki, Azərbaycan futbolunun iki gözü, “qaymağı” var idi: Mahmud və Vidadi. Axtaraq görək həmin “qaymaqlar” haradadırlar? Vidadi divizion komandasında köməkçi-məşqçidir, Mahmud da əvəzediciləri çempion elədi, dedilər ki, qal işlə, sənin yerin buradır. Məşqçi dəyişiklikləri şablon hal alıb. Elə bil xüsusi iş yerləri açıblar. Azərbaycanda 8 klub var, “Pro” kateqoriyasına malik də 32 məşqçi. Bunlar necə işləməlidirlər? Klub yaratmaq istəyənlərə də imkan vermirlər.

- Etiraf edək ki, futbolçu sayı da çox azdır. Bu isə millinin baş məşqçisinin seçim imkanını məhdudlaşdırır...
- 15-16 yaşında dəhşət istedadlar görmüşəm, 18 yaşdan sonra yoxa çıxırlar. Çünki elə adamların əlinə düşürlər ki, tez itib-batırlar. Potensialları var, amma heç kim onları üzə çıxara bilmir. Ən çox axsayan yerimiz Premyer Liqada klub sayının az olmasıdır. Həmçinin uşaq komandalarında kimi gəldi işə götürürlər. Əlifba kimi düşünün, kitabı öyrənənə deyirlər ki, məşqçi ola bilərsən. Kitabla olsaydı, Osman Rəhimov və Aslan Kərimov dünya çempionluğunu qazanardılar. Çünki kitabı onlar kimi bilən yoxdur.

Ruslan Sadıqov