12:59 14-10-2021
news_image
1684
FUTBOL

Ağasəlim Mircavadovun Zaur Ramazanova cavabı: “Danışığını bilmir”

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

- Keçmiş futbolçunuz Zaur Ramazanov saytımıza açıqlamasında Məşqçilər Komitəsi ilə bağlı ittihamlar səsləndirib. Bu komitənin boş yerə yaradıldığını, heç bir işə yaramadığını söyləyib. Buna cavabınız nədir?
- Zaur bizim nələr etdiyimizi bilmir. Məsələn, bu il Region Liqasında komandaların sayının artırılması planını vermişdik. Bizdə böyük plan var idi, rəhbərliyə təqdim etmişik. Biz sadəcə lazım olan məsələləri deyirik, işi assosiasiya görür. Birinci divizionda komandaların sayının artırılmasına çalışdıq, limitin dəyişdirilməsinə nail olduq. Yəni çox iş görülür.

- Ramazanovun sözlərinə görə, aşağı yaş qrupu üzrə yığmaların səfər oyunlarına getsəniz də, yeniyetmə və gənclərin çempionat oyunlarında görünmürsüz. Aşağı yaş qrupu üzrə çempionat matçlarına gedirsiz?
- Bunu Zaur hardan bilir? Bəyəm oyunlara gedib, bizim orada olub-olmadığımıza baxır? Aşağı yaş qrupu yığmalarının bütün matçlarına baxırıq, izahat yazırıq. Bizim səlahiyyətimiz yığmaların oyunlarını izləməkdir, buna da əməl edirik. Stadionlarda çox oluruq. Yeddi ay klubları gəzdik, akademiyalarda görülən işlərlə tanış olduq və rəhbərliyə böyük izahat yazıb verdik. Klub məşqçiləri ilə müntəzəm görüşürdük, inkişafın zəif getməsinin səbəblərini araşdırırdıq. Biz gördüyümüz işi reklam eləmirik.

- Onun ünvanınıza digər tənqidi müəyyən məbləğdə maaş qarşılığında susmağınız və məşqçilərə işləmək imkanı verilməməsi ilə bağlı idi. Buna cavabınız nə olar?
- Məşqçilərə biz mane oluruq? Əgər digərlərinə imkan vermiriksə, özümüz niyə işləmirik? Söhbət maliyyədən getmir. Sakit işini görən qurumu tənqid etməyə öyrəşmişik. Çünki onun fikrinin nə olduğunu, hansı işlər gördüyünü bilmirik. Ağzımıza gələni danışmağa nə var ki. Biz məşqçi təyin edən komitə deyilik. Yoxsa elə özümüz işləyərdik də. Bəs Zaura niyə sual vermədiniz ki, sən niyə işləmirsən?

- Həmin sualı vermişik, cavabı da belə olub ki, AFFA, konkret olaraq icraçı vitse-prezident Elxan Məmmədov imkan vermir...
- Bu başqa məsələ. Elxan müəllim nə etməlidir? Hansısa məsələyə münasibət öyrənmək lazım olanda Məşqçilər Komitəsinin üzvlərini axtarırsınız. Amma biriniz də yazmırsınız ki, bu komitədə olanlar niyə məşqçi işləmirlər? Niyə mən 10 ildir işləmirəm? Bunu yazın da. Çünki bunu yazmaq sizə sərf eləmir. Sizə qalmaqal, qırğın lazımdır.

- Biz neytral, müstəqil qurumuq. Sadəcə, Zaur Ramazanov haqqınızda ittiham səsləndirdi, peşəkarlıq naminə sizin də cavabınızı işıqlandırmağı borc bildik...
- Xeyr, neytral deyilsiniz.

- Neytral olmasaydıq, sizə tribuna verməzdik...
- Elxan Məmmədov bəyəm məşqçi hazırlayır və ya təyin edir? Zaur bizim hansı işləri gördüyümüzü bilsə, bunları danışmaz. Məşqçilər Komitəsini ona görə yaradıblar ki, işləmirik, kömək edək. Biz də həmişə köməyimizi edirik. Zaur Ramazanovun işləməməyinə gəlincə, UEFA-nın tələbinə görə, işləmək üçün oxumalı, lisenziya almalısan. Əgər lisenziya ala bilmirsənzə, nə işləyəcəksən? Zaur yaxşı oyunçu olub, yaxşı insandır. İstiqanlıdır, sadəcə özündən tez çıxır. Sakit halda qəbul etməlidir ki, işləmək üçün oxumalısan. İş qabiliyyəti olan insanlarla işləməyənləri bərabər tutursunuz. Mən yığmada işləyəndə 15 dollar alırdım. Gərək qışqırıb, etiraz edərdim? Sakit halda işimi görürdüm. Zaur Ramazanov ittiham eləmir, ağzına gələni danışır. İstiqanlıdır, hirslənəndə danışığını bilmir, özünü itirir. Mənim futbolçum olub, xasiyyətini bilirəm. Bu günlərdə onunla görüşmüşəm, Məşqçilər Komitəsinin nəyə qulluq etdiyini başa salmışam. Sakit işimizi görürük ki, futbolumuz inkişaf eləsin. Bunu mən də, siz də, Zaur da istəyir.

Ruslan Sadıqov