22:41 14-10-2021
news_image
851
FUTBOL

Essyenin “Səbail”ə gəlişinin səbəbkarı baxıcı olub?

Qanada Ruhani Ata kimi tanınan bir baxıcı yerli kanallardan birinə müsahibəsində diqqətçəkən fikirlər səsləndirib.

Apasport.az saytının məlumatına görə, həmin şəxs ölkənin ən tanınmış futbolçularından olan Maykl Essyenin karyerasındakı enişin səbəbkarı olduğunu söyləyib.

O bildirib ki, ölkəmizdə “Səbail”in də formasını geyinmiş Essyeni öz inancları ilə cəzalandırıb. Buna səbəb kimi Essyenin hələ “Çelsi”də olarkən verdiyi sözə əməl etməməsini göstərib: “50-yə yaxın qanalı futbolçu ilə çalışıram. Bəziləri hazırda xaricdə işini davam etdirir. Ancaq xidmətlərimi qiymətləndirməyən oyunçuların süqutuna səbəb oldum. Məsələn, Maykl Essyen karyerasının çiçəklənməsinə kömək etsəm, Akkra şəhərində mənə ev alacağına söz vermişdi. Sözünü yerinə yetirmədi, mən də onu aşağı saldım, zəif komandalara keçməsinə, karyerasında süquta səbəb oldum”.

Qeyd edək ki, “Çelsi”dən sonra qısa müddət “Real” və “Milan”ın da formasını geyinmiş Maykl Essyen daha sonra “Panatinaikos”, “Persib Bandunq” və “Səbail”də çıxış edib. 39 yaşlı mütəxəssis hazırda Danimarkanın “Nordsyelland” klubunda məşqçi kimi fəaliyyət göstərir.