10:48 15-10-2021
news_image
361
FUTBOL

Samir Abasov: “Sumqayıt”la oyunda bunun əziyyətini çəkə bilərik”

“Milli komandaların oyunlarından sonra həmişə bizim üçün çətin period olub”.

Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.

Premyer Liqanın VII turunda “Sumqayıt”ın qonağı olacaq son çempion hazırlıqlarını davam etdirir. Abasov ən böyük problemlərinin yığmalardan qayıdan futbolçularla bağlı olduğunu vurğulayıb: “Emin Mahmudov, Mamadu Kane, eyni zamanda U-21 yığmamızda yer alan futbolçularımızın hazırkı durumu, yorğunluğu bizə əziyyət verəcək dərəcədə hiss olunur. Sevindirici haldır ki, heyətimiz zəngindir, digər futbolçular yaxşı vəziyyətdədir. Düzdür, yoldaşlıq görüşündə İvan Korrea Xorxe zədələndi, mikro-zədələr var. Əlimizdə olan futbolçuların fiziki və psixoloji hazırlığı yaxşıdır. Yalnız limitdə olan gənc futbolçularımızda yığmanın oyunları ilə əlaqədar yorğunluq var. Hər şeyi bir kənara qoyub, iki günə onları yaxşı vəziyyətə gətirməyə çalışırıq. Ən azı qarşıdakı turda bacardıqlarını ortaya qoya bilsinlər”.

43 yaşlı çalışdırıcı “Sumqayıt”ın son illər “Neftçi”nin başağrısına çevrilməsindən narahat deyil. Samir Abasov yalnız heyətin komplektləşməsi barədə düşündüklərini vurğulayıb: “Sumqayıt”ın arzuolunmaz rəqib olması, onlara qarşı indiyə qədər əziyyət çəkməyimiz bizim üçün indiki məqamda önəmli deyil. Bu gün əsas məsələ yığmalardan qayıdan oyunçuların vəziyyətidir. Hansı ki, onların durumu komandamızın oyununa birbaşa təsir göstərə bilər. Çünki durumları hələ bəlli deyil. Doğrudur, bərpa keçəcəyik. Amma iki gündən sonra hansı əhval-ruhiyyədə olacaqlarını, bu cür oyunlardan sonra yetərincə bərpa olunub-olunmayacaqlarını indidən deyə bilmərəm. Gizlətmirəm, “Sumqayıt”la görüşdə bunun əziyyətini çəkə bilərik. Ancaq nikbinik, hər şeyin yaxşı olacağına inanırıq”.

Qeyd edək ki, oktyabrın 17-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu saat 16:30-da başlayacaq.