13:31 17-10-2021
news_image
273
FUTBOL

Futbolumuzun qaranlıq sabahı və ya ümidləri doğrultmayan gənclər

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə

Bütün dünyada idmanın şahı hesab edilən futbolun inkişafı təəssüf ki, Azərbaycanda ürəkaçan şəkildə getmir.

Apasport.az saytının məlumatına görə, müstəqillik dönəmindən bəri futbolumuz bir addım irəli, iki addım geri getməklə məşğuldur.

Gərəksiz milliləşdirmələr
Azərbaycan millisi istər dünya çempionatının, istərsə də Avropa çempionatının seçmə mərhələlərində daim autsayderlərdən olub. Səlahiyyətli qurumlar problemin həlli üçün müxtəlif çıxış yollarına əl atıblar. Bunlardan ən çox diqqətçəkən məqam milliləşdirilmiş futbolçuların sayının ildən-ilə artmasıdır. Ancaq həqiqət budur ki, digər ölkələrdən gətirilən oyunçular da futbolumuzun yarasına məlhəm ola bilmir.

İstənilən ölkənin futbolunun inkişafı, böyüməsi əlbəttə ki, təməldən, uşaq futbolundan başlayır. Azərbaycan fərdi idman növlərində Avropa, dünya, hətta Olimpiya çempionları yetişdirə bilir. Ancaq eyni sözləri kollektiv idman növlərinə, xüsusən də, futbola şamil etmək mümkün deyil.

“Günü qurtarmaq” planları ilə qapanan yollar
Uşaq futbolunda olan problemlərin nəticəsidir ki, istedadlı yeniyetmələr böyüdükcə yoxa çıxır, başqa sahəyə üz tutmalı olurlar. Belədə təkcə əsas milli deyil, aşağı yaş qrupu üzrə yığmalarımız da azarkeşləri sevindirə bilmirlər. İstər 17, istər 19, istərsə də 21 yaşadək futbolçulardan ibarət yığma komandalarımız seçmə mərhələlərdəki nəticələri ilə əsas millidən heç də geri qalmırlar. Həmin gənclər də, təbii ki, həddi-buluğa çatdıqdan sonra ölkə futbolunu dirçəltmək iqtidarında olmurlar.

Azərbaycanda həm klubların, həm də futbol assosiasiyasının əcnəbi oyunçular sayəsində “günü qurtarmaq” planları isə yeniyetmə və gənc oyunçularımızın önündə ən böyük əngəldir. Belədə onlara diqqət ayrılmır, peşəkar şəkildə məşqlər keçirilmir. Bu azmış kimi, milliləşmə hətta aşağı yaş qruplarında da geniş yayılmaqdadır. Təbii ki, bu cür strategiya ölkə futbolunun sabahını zədələyir. Sabahı olmayan bir işin isə işıqlı günə çıxması qeyri-mümkündür.

Adi qarşılanan biabırçı məğlubiyyətlər
Bu günlərdə AVRO-2023-ün seçmə mərhələ matçlarına çıxan 21 yaşadək futbolçulardan ibarət yığmamızın nəticələri vəziyyətin necə acınacaqlı olduğunun bariz nümunəsidir. Sumqayıtda keçirilən görüşlərdə Finlandiya ilə 1:1 hesablı heç-heçə edən Milan Obradoviçin kollektivi cəmi 4 gün sonra eyni məkanda Xorvatiyaya biabırçı hesabla məğlub olub – 1:5.

Acınacaqlısı isə budur ki, Azərbaycan futbol ictimaiyyəti bu cür böyükhesablı məğlubiyyətləri artıq adi qarşılayır. Aşağıda U-21-lə bağlı vurğulayacağımız statistik məqamlar futbolumuzun sabahının hara getdiyini açıq şəkildə göstərəyicək.

Nəhsdə qalan qələbə
U-21 yığma ümumilikdə Avropa çempionatlarının seçmə mərhələlərində 116 oyun keçirib. Komandamız indiyədək 13 qələbə qazanıb. 13-cü uğur da 23 ay öncə Lixtenşteynlə matça təsadüf edib. 2019-cu ilin noyabrındakı 1:0 hesablı qələbədən sonra 8 oyuna çıxan yığmamız qalib gələ bilmir.

Qələbə sayı nəhsdə qalan milli 20 heç-heçə edib və 83 dəfə uduzub. Rəqib qapılarına 66 qol vuran komandamız 270 top buraxıb.

Finlandlara qarşı tək təsəlli
U-21 nəhs qələbədə qalıbsa, baş məşqçi Milan Obradoviç nəhs oyun sayını Xorvatiya ilə qarşılaşmada geridə qoyub. O, bu postda artıq 14 matça çıxıb. 2 qələbə və 11 məğlubiyyət görən legionerin yetirmələri 8 qol vurubsa, 32-ni buraxıb. Obradoviçin yeganə “sülh”ü oktyabrın 8-də Finlandiyaya qarşı keçirilən matçdır - 1:1.

Bu oyunla bağlı yeganə təsəllimiz U-21-in, nəhayət ki, finlandların qapısına yol tapması olub. Çünki Sumqayıtdakı görüşə qədər bu komanda ilə keçirilən 4 görüşdə nə qələbə üzü görmüşdük, nə də qol. Ən böyük uğur isə finlandlarla 2 dəfə heç-heçə etməyimizdir.

İki ildən sonra yenidən böyük fərq
U-21 yığmamız Xorvatiya ilə matçda baş məşqçi Milan Obradoviçin rəhbərliyi altında seçmə mərhələlərdə 11-ci məğlubiyyətini alıb. Bu isə serbiyalı mütəxəssisin 14-cü rəsmi sınağında gerçəkləşib.

AVRO-2023-ün sentyabrda Avstriyadakı səfər matçında qeydə alınan 10-cu məğlubiyyəti antirekordla da əlamətdar olub. Obradoviç indiki postunda ən ağır yenilgisini məhz Rid-im-İnnkraysda alıb. 0:6 hesabı onun rəhbərliyi altındakı ən böyük darmadağındır. Onadək ən amansız rəqib 5 cavabsız qol vuran Fransa olmuşdu. Həmin görüş 2019-cu il oktyabrın 10-da baş tutub.

Ən böyükhesablı məğlubiyyətlər
Ümumilikdə isə yığmamız tarixində 5 dəfə 6 və ya daha çox top fərqilə uduzub. Bunlardan ikisi 7, üçü 6 top fərqi ilə alınan məğlubiyyətdir.

Komanda sonuncu dəfə 2017-ci il noyabrın 9-da Almaniya ilə Bakıdakı qarşılaşmasında belə üzülüb. Həmin vaxt Bundestim 7 qol vurub.

Avstriya isə millimizə iki fiasko yaşadan yeganə komanda kimi kabusa çevrilib. 6 il əvvəl bu rəqib yığmamızı 7:0 hesabı ilə udan ilk komanda kimi tarixə düşmüşdüsə, ötən ay 6 top vurub.

U-21-in 6 və ya daha çox top fərqilə uduzduğu seçmə oyunlar
10.10.2003. İtaliya – Azərbaycan – 6:0
01.09.2011. İngiltərə - Azərbaycan – 6:0
09.10.2015. Avstriya – Azərbaycan – 7:0
09.11.2017. Azərbaycan – Almaniya – 0:7
07.09.2021. Avstriya – Azərbaycan – 6:0

Ruslan Sadıqov

MEDİA-nın maliyyə yardımı ilə dərc olunurMEDİA-nın maliyyə yardımı ilə dərc olunur