12:28 15-10-2021
news_image
431
FUTBOL

Ağasəlim Mircavadovdan klub məşqçilərinə: “Çox öyrənməlidirlər”

“Yerli məşqçi milliyə dəvət almaq üçün ilk növbədə klubunda nəsə eləməlidir”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Yığma komandanı son illər daha çox əcnəbi mütəxəssislərin çalışdırmasına münasibət bildirən Mircavadov gənc yerli məşqçilərin bunun üçün təcrübə toplamalı olduqlarını düşünür: “Əsasən Qurban Qurbanov klubu “Qarabağ”da gözəl işlər görür. O da millidə işləyib. Qalanları isə cavan məşqçilərdir. Həmin məşqçilərin klubları avrokuboklarda da oynayıb, əksəriyyəti birinci təsnifat mərhələsində məğlub olub. Milli üçün təcrübə lazımdır. Gənc məşqçilər də çox öyrənməlidirlər. Onlar bu yaxınlara qədər bir-biriləri ilə futbol oynayıblar, yığmada da bir yerdə olublar. Yığmanın baş məşqçisi isə təcrübəli olmalıdır. Şəxsən mən millidə yerli məşqçinin işləməsini istəyirəm. Bunu 1993-cü ildən deyirəm”.

Hazırda AFFA Məşqçilər Komitəsinin üzvü kimi fəaliyyət göstərən 74 yaşlı mütəxəssis təcrübəlilərin kənarda qalmasının düzgün yanaşma olmadığı qənaətindədir: “İşləmək üçün birinci istək, ikinci hazır olmaq lazımdır. Klublarda çox qəribə bir vəziyyət yaranıb. Gənc məşqçilər dəvət olunur, 5-6 aydan sonra istefaya göndərilirlər. Səbəbini də belə izah edirlər ki, cavandır, bacarmadı. Axı əvvəldən bilməli idiniz ki, bu adam komandanı düzəldə biləcək, ya yox. Orta yaşlı məşqçiləri kənara atdılar ki, cavanlar gəlsin. Bu çox pis haldır. Axı o cavanları da işləyə-işləyə öyrətmək lazım idi. Klublarda təcrübəli məşqçilər olsaydı, gənclər onlarla rəqabət aparardılar. Mən həmişə gənc məşqçi tərəfdarı olmuşam. Ancaq bilikli, istəkli cavan lazımdır. Mən də əvvəllər 3 il uşaqlarla işləmişəm, 10 ilə yaxın ikinci məşqçi olmuşam. Elə indi də hərdən öyrənirəm. Bu ayıb bir şey deyil, utanmıram”.