11:25 17-10-2021
news_image
148
FUTBOL

Dünya çempionatlarının finallarında qol buraxmayan 7 qapıçı - ADLAR

Gələn il Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanan komandalar müəyyənləşməyə başlayıb.

Apasport.az saytının məlumatına görə, meydan sahiblərindən sonra Almaniya və Danimarka mundialda iştirak hüququ əldə edib.

Bu yazıda isə dünya çempionatları tarixi ərzində final qarşılaşmalarında qol buraxmayan qapıçıların adları yazılacaq. İndiyə qədər baş tutan 21 final görüşündə yalnız 7 komanda fərqlənə bilməyib. Yəni mundialların finallarında iştirak edən qapıçılardan 7-si qapısını toxunulmaz saxlamağı bacarıb.

Boro İllqner
İllqner mundialın finalında qapısını qola qapamağı bacaran ilk qapıçı kimi tarixə düşüb. Qərbi Almaniyanın DÇ-1990-ın finalında 1:0 hesabı ilə məğlub etdiyi Argentina yığması ən mötəbər turnirin həlledici qarşılaşmasında qol vura bilməyən ilk komanda olub.

Klaudio Taffarel
1994-cü ildəki dünya çempionatında Braziliya millisinin qapısını Klaudio Taffarel qoruyub. 120 dəqiqəsi qolsuz bərabərliklə yekunlaşan final matçında “sambaçılar” penaltilər seriyasında İtaliyanı üstələyiblər.

Canluka Palyuka
Dünya çempionatları tarixində ilk dəfə 1994-cü ildəki yarışın finalında 120 dəqiqə ərzində azarkeşlər qol görməyib. Həmin vaxt digər qapıda Palyuka dayanmışdı. Sabiq qolkiperin yüksək səviyyəli çıxışı da komandanın çempionluğu üçün kifayət etməyib.

Fabian Bartez
Fransada təşkil edilən DÇ-1998-in qalibi məhz ev sahibləri olub. Bununla fransızlar tarixinin ilk dünya çempionluğunu bayram edib. “Xoruzlar”ın qapısını qoruyan Bartez finalda Braziliya üzərində 3:0 hesablı qələbədə qurtarışları ilə töhfə verib.

Markos
19 illik karyerası ərzində yalnız “Palmeyras”ın formasını geyinən Markos siyahıda yer alan qapıçılar arasında ən az tanınanıdır. Halbuki 2002-ci ildəki mundialda o, Braziliya yığmasının “1 nömrəsi” olub. Qrupda qapısında 3 top görsə də, pley-off matçlarında yalnız İngiltərənin 1 qoluna mane ola bilməyib. Finalda isə qapısının toxunulmazlığını qoruya bilib.

İker Kasilyas
Futbol tarixinin ən yaxşı qapıçılarından hesab edilən Kasilyas 17 yaşında “Real”ın əsas qolkiperinə çevrilməyi bacarıb. 2010-cu ildəki dünya çempionatında o, artıq təcrübəli və böyük qapıçı idi. Finalda Aryen Robbenin zərbəsini ayağı ilə möhtəşəm şəkildə dəf etməklə çempionluğun təməlini qoyub. Andres İnyestanın əlavə edilmiş dəqiqələrdəki qolu isə ispanlara tarixinin ilk çempionluq sevincini yaşadıb.

Manuel Noyer
Son illərin ən yaxşı qapıçısı sayılan Noyer DÇ-2014-dəki performansı ilə “Qızıl top” mükafatına namizədlər sırasına düşüb. Komandasının Argentinanı 1:0 hesabı ilə məğlub etdiyi final görüşündə 120 dəqiqə rəqib hücumçularına keçid imkanı verməyib.