16:44 15-10-2021
news_image
1606
FUTBOL

Ağasəlim Mircavadov milli ilə bağlı suala cavab axtarır - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

- Milli komandamız DÇ-2022-nin seçmə mərhələsində İrlandiya (0:3) və Serbiya (1:3) önündə sərgilədiyi oyuna görə çox tənqid olundu. Siz yığmanın çıxışını necə qiymətləndirirsiz?
- İrlandiya ilə Serbiya tam fərqli oyun sərgiləyirdi. İrlandlar sürətli əks-hücum, güc futboluna üstünlük verir, “ikinci mərtəbə”də uğur qazanmağa çalışırdı. Topu bizə verdilər, amma qolları özləri vurdular. Bu da taktiki gediş idi. Məşqçilər Komitəsinin üzvləri hamımız matçı tribunadan izləyirdik. İrlandlar epizodu axıra qədər davam etdirmirdilər, imkan düşən kimi cərimə meydançası kənarından zərbə vururdular. Həmin zərbələrdən də ikisi qolla nəticələndi. Top bizdə rəqibin cərimə meydançasına qədər olurdu, onlar oyunçularımızı qapıları qarşısına buraxmırdılar.

- Belə çıxır ki, yığmamız rəqibə qarşı taktiki cəhətdən düzgün hazırlaşmamışdı?
- Söhbət hazırlaşmaqdan getmir. Sadəcə, onlar bizdən üstün oldular. Dublindəki görüşdə hər şey əksinə idi. İrlandlar topa daha çox sahib çıxırdılar və məğlubiyyətdən də son anda qurtuldular. Gördülər ki, o cür oynasalar alınmayacaq, Bakıda taktikalarını dəyişdilər. Məşqçi taktikasından və özlərinə xas olan güclü bacarıqlarından istifadə etdilər. Cəmi 3-4 künc zərbəsi yerinə yetirdilər, onun da biri qolla nəticələndi. Hətta daha iki dəfə fərqlənə bilərdilər.

- Bəs Serbiyaya məğlubiyyətin səbəbi nə oldu?
- Serblər topla oynamağı, meydanda hərəkətdə olmağı xoşlayırlar. Serblər çox sayda qol vəziyyətləri yaratdılar. Serbiya yığması çox güclü idi. Bəlkə də, heç-heçə etmək olardı. Amma bunun üçün axıra qədər oynamaq lazım idi. Xüsusən də, müdafiədə sayıq olmalı idik. Məsələn, penalti epizodunda müdafiəçimiz rəqib oyunçunu aşkar şəkildə tuturdu. Bir az tutdun, buraxmalısan, axıra qədər davam eləsən, əlbəttə ki, yıxılacaq. Orada biclik işlətmək lazım idi. Yəni onlar bizim səhvlərimizdən istifadə elədilər.

- Lüksemburq yığması autsayder komandalardan sayılır, üstəlik, İrlandiya da əvvəli gücündə deyil. Belə bir qrupda sonuncu yeri təmin etmək uğursuzluq deyil?
- Lüksemburq zəif komanda deyil. Sadəcə, biz zəifləmişik. Razıyam ki, İrlandiya 5-7 il əvvəlki gücündə deyil. Problem ondadır ki, oyunlarda qol vəziyyətləri çox az yaradırıq. Qolları isə yarımmüdafiəçilər vurur. Emin Mahmudov 4 top vurub. Bəs hücumçularımız nə edirlər? Qol yollarında axsayırıq. Elə klublarımızın heyətində də çempionat matçlarında qolların əksəriyyətinə yarımmüdafiəçilər imza atırlar. Hücumçular hərəkətdə olmalıdırlar. Bəli, İrlandiya zəifləyib, Lüksemburq ildən-ilə inkişaf edir. Onların durumlarına baxanda birinci özümüzü fikirləşməliyik ki, niyə bizim milli getdikcə zəif oynayır? Bu sualın cavabını tapmaq lazımdır.

- Hücumçuların zəif çıxışından danışdınız. Halbuki Mahir Emreli “Legiya”da, Renat Dadaşov “Tondela”da qollarını sıralayır, Namik Ələskərov isə “Bursaspor”da legioner həyatı yaşayır. Bəs yığmada niyə oyunları alınmır?
- Onların klublarında necə oynadıqları da önəmlidir. Mahirin “Legiya”da Moskva “Spartak”ına qarşı çıxışını görmüşəm. Orada tam başqa futbol oynayırdı, istəkli idi. “Legiya”nın hücumlarında son nöqtəni qoyan odur. İngiltərənin ən güclü 5-6 komandasından olan “Lester”ə isə əla qol vurdu. Hər şey bu futbolçuların özlərindən asılıdır. Həmçinin meydançada bir-biri ilə anlaşma və qarşılıqlı hörmət önəmlidir.

- Milli komandanın qrupda sonuncu yeri tutması üçün əcnəbi məşqçiyə ehtiyac varmı?
- Bu mövzu haqda gərək geniş danışasan. Canni de Byazi milliyə dəvət olunub, müqaviləsi var. Təbii ki, özündən də çox şey asılıdır. Təhlil etməlidir ki, oyunlarda nə alındı, nə alınmadı. Məşqçi gərək öz işinə, danışığına qiymət versin və səbəblərini izah etsin. Kənardan baxanlar üçün nəsə demək asandır. Ən dəqiqini o özü deyə bilər.

- Berti Foqts millimizə nizam-intizam, müdafiə futbolu aşıladı, Robert Prosineçki isə özünəinam. Bəs de Byazi nə qazandırdı?
- De Byazi də müdafiəyəmeyilli məşqçidir. Komandamız bütün oyunları 5 müdafiəçi ilə keçirir. Bu, italyan məşqçisinə xas olan taktikadır.