17:35 15-10-2021
news_image
728
FUTBOL

“15 ildir yadlaşan bölgələr indi "yada" düşüb” - Tahir Süleymanov yazır

Son həftələr futbol aləmində nisbi aktivlik müşahidə edilir. Bir günlük bölgə gəzintisi bir həftəlik kimi təqdim edilir, AFFA ideoloji təbliğatını gücləndirməyə çalışır, milli/yığmaların biabırçı nəticələri fonunda tez-tələsik bölgədə akademiya inşası anonsu verilir...

15 ildir yad gözlə baxılan, yadlaşan bölgələr indi "yada" düşüb. Top çiləyə-çiləyə Berlini fırlanıb, nəhəng Avropa klublarının "pokazuxa-məktəblərini" Bakı dalanlarında açıb eddilləri, höccətləri, arsenləri "yetişdirəndən" sonra qayğıya ehtiyacı olan doğma balalar sabaha "ümidləndirilir"...

Hər il - bir yaş qrupu, yüzlərlə, minlərlə futbolçu potensialı deməkdir. 15 il - ardıcıllıqla itirilən 15 yaş qrupları edir! 

AFFA ideoloqları özləri özlərini vururlar. Deməli, zamanında bunları etmək olardı və davamlı, daha artığı planlı şəkildə edilməliydi. Dünən federasiya rəhbərliyinə gəlinməyib ki, indi cəhd göstərilsin, addımlar atılsın?! 

Əməldən öncə niyyətdir... Əməl - niyyətə bağlıdır! 
Niyyət futbol deyil, vəziyyətdən şütüyüb növbəti dəfə yerlərinin, vəzifələrin qorunmasıdır. Dünən lippertlərlə, stuxliklərlə fotosessiyalar, bu gün top-klubların formasında(!) olan balaca, məsum uşaqlar, kağız üzərində olan 200 min futbolçunun bölgə "axtarışı".

Azərbaycan futbolu süni olaraq Qarabağ probleminə çevrilib. Lənkəran, İmişli, Yevlax, Zaqatalanın müasir stadionlarından insanlar qovulub, futbol qaçqını-köçkününə çevrilib. Masallı, Bərdə, Şirvan, Qusar stadionlarının baxımsızlıqdan adı qalıb. Şəmkir, "Bakı" komplekslərindən danışmağa dəyməz, Ağdam "İmarət"inin, Füzuli, Cəbrayıl, Zəngilan stadionlarının aqibətini yaşayır(b)lar...

Qarabağ düşmənçiliyini edənlər bəllidir, futbolda düşmən(lər) kimi düşmənçilik niyə edilsin ki?! Farsları 30 yaşında milliləşdirib yığmada "gənc" azərbaycanlı adıyla oynadanlar tək futbol adına deyil, Azərbaycan xalqının sağlam genefonduna, gələcəyinə qarşı edilən düşmənçilikdir!

Futbol cavabdehləri 5-10 il də dövranlarını sürsələr, 30 ili haqlayacaqlar. 30 il - bir futbolçunun tam karyerası deməkdir!
"Uşaq futbolu", "əcnəbi/yerli baş məşqçi", "milliləşdirmə"... 15 ildir eyni mövzular müzakirə edilir. Bu məsələlərin, futbolun kompleks halda həlli üçün ilk öncə daxili futbol düşmənləri, "sapı özümüzdən olan baltalar" futboldan yox edilməlidir ki, yenidən iş başlanılsın. Onsuz da qızıldan qiymətli illər itirilib, çox gecikilib...
Müzakirələrdən keçib artıq, qəti addımlar zamanıdır. Bir il öncə Qarabağda olduğu kimi...

Vaxtilə ordunun baş qərargahındakı vəziyyət AFFA-nın özündə, baş katibliyində tüğyan edir.

Bir-iki "hədiyyə" ilə pak balalarımız aldadılmasın, millət sadəlövh deyil, bu xalq Şuşa qalasına əliyalın qalxan mərd xalqdır!

AFFA-da islahatlar, kadr dəyişikliyi nə böyük problem olub? 

Arxalarında Rusiya, Amerika, Fransa, İran durub? 

Dövlətin qayğısı, 100 milyonlarla vəsaitin ayrılması fonunda 15 ilin futbol dağıdıcılığı bəs etmədi? 

Federasiyada ilk öncə qanun çərçivəsində müvafiq qurumların yoxlanışları aparılmalıdır. 

Kabinet oyunlarına son verilməlidir!

Jurnalistlər, az sayda davamlı sözünü deyən futbol adamları, narazılığını bildirən azarkeş ordusu haqq səsini ucaldacaq, gizlənənlər sonda önə çıxıb "biz varıq" deyəcək?!

Artıq indikilərlə, yeni iddialılarla sövdələşmələrə, kabinet davalarına start verilib. Belə yanaşma, hiyləgər təfəkkürlə sabahın futbolu dirçələcək? 

Son günlər çox danışılır - "sözünü deyənlər azdır". Azərbaycan futbolunda söz sahibi olanlar heç vaxt çox olmayıb. Futbol repressiyalarına uğrayanlar da onlar olub.

Gözləmə mövqeyidir, növbə tutulur, ağalarına son "təpik" vuran yaltaqlar birdən üzə çıxacaqlar, məsələlər 99% həll ediləndən sonra.

Belələri çox "sınaqdan" çıxıb, ağalarının kim(lər) olduğu önəmli deyil, əsas, "sür dərəyə" sözünü eşitmək, icra etməkdir. Bilirlər ki, futbol olmasa da, onlara "tələbat" həmişə var.

Futbol zarafatı sevmir! Futbolla zarafat edənləri futbol sonda əzir, rəzil edir, nüfuzdan salır, ayaqlar altına atır, pula, vəzifələrə baxmır. Təəssüf ki, onlarla birgə ölkə futbolu da çökür, dərənin dibinə yuvarlanır, məhv edilir.

Azərbaycan futbolunda böyük futbolla həvəskar futbol arasında sədd götürülüb. Bunu edən cavabdeh futbol beyinləridir. Bacardıqları budur. Azərbaycan futboluna, bölgələrimizə peşəkar futbol, klublar lazımdır. Həvəskar futbolla, həvəskar düşüncəylə böyük futbol olmur!

Müşahidələr onu göstərir ki, "getsinlər" baş verəcəksə, sonra nə baş verəcəyi dərk edilmir. 

Plansız, proqramsız, analitik beyinlərsiz, qəti addımlarsız futbola gəlmək utopiyadır, yenidən 5-10 il futbolun başında eksperimentlərin aparılması deməkdir. Eyforiyaya qapılmamalıdır. Futbol əmrlə oynanılmır!

Tahir Süleymanov