11:13 15-09-2008
news_image
448
STOLÜSTÜ OYUNLAR

Rəcəbov 40 min avro qazandı

Bakı. Kənan Həsənov - APA-Sport. İspaniyanın Bilbao şəhərində keçirilən “Böyük Dəbilqə” superturnirinə yekun vurulub. “APA-Sport”un məlumatına görə, son turda Vasili İvançuku (Ukrayna) məğlub edən Veselin Topalov (Bolqarıstan) yarışın qalibi olub. Keçirdiyi 10 oyunda 17 xal toplayan bolqarıstanlı şahmatçı ümumi mükafat fondundan 150 min avro qazanıb. Hesabat turu çərçivəsində Vişvanatan Anandla (Hindistan) heç-heçə edən Maqnus Karlsen (Norveç) 13 xalla ikinci yeri tutub. “Körpə” ləqəbli qrossmeysterin qazancı 70 min avro olub. Ondan yalnız əmsala görə geri qalan Levon Aronyan (Ermənistan) üçüncü yerə və 60 min avroya sahib çıxıb.

12 xalla 4-cü yeri tutan İvançuk 50 min avro ilə kifayətlənib. Turnirdəki yeganə təmsilçimiz Teymur Rəcəbov isə ümidləri doğrultmayıb. 21 yaşlı qrossmeysterimiz son oyunda qara fiqurlarla Aronyanı məğlub etsə də, 10 xalla yalnız 5-ci olub. Teymurun qazancı 40 min avro olub. Ən böyük gözlənilməzlik Vişvanatan Anandın (Hindistan) yarışı sonuncu pillədə başa vurmasıdır. Cəmi 8 xal toplayan dünya çempionu 30 min avro mükafat əldə edib.