17:51 16-10-2021
news_image
121
FUTBOL

Aftandil Hacıyev: “Hakimin birtərəfli qərarları görsənirdi”

“Oyun barədə çox danışmaq istəmirəm, məğlub olduq. Düşünürəm ki, danışılası çox şey yoxdur. Belə qarşılaşmalarda xal qazana bilmiriksə, işimiz getdikcə çətinləşəcək".

Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev öz meydanlarında “Keşlə”yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis futbolçuların əziyyətinə heyfsiləndiyini söyləyib: “Ardıcıl üçüncü dəfə süni örtükdə oynamaq və məşq etmək çətindir. Bundan sonra “Qarabağ”la görüş də burada olacaq. Çempionatdakı fasilədə bir neçə futbolçunun zədələnməsi və məşqi buraxmasına görə əziyyət çəkdik. Problemlərimizdən çox danışmaq istəmirəm. İlk hissə bizə siqnal verdi ki, müdafiədə boşluqlar var. Oyunçuların verilən tapşırığı düzgün yerinə yetirməməsi asanlıqla sezilirdi. Fasilədə düzəliş etmək istədik. İkinci hissənin əvvəlində oyuna nəzarət etdik. Buraxdığımız ilk qol mənim üçün müəmmalıdır. Orada cərimə zərbəsi var idimi? Buna baxmaq lazımdır”.

Hacıyev qarşılaşmanın sonlarında rəqibin müdafiədəki boşluqlardan istifadə etdiyini bildirib: “Keşlə”nin hücum xəttində kifayət qədər geniş seçim var. Biz isə Rauf Əliyev sarı vərəqə alsa da, meydanda saxlamağa məcburuq. İkinci hücumçumuz yoxdur. Oyunumuzda fərq hiss etdirməməyə çalışdıq. Amma rəqib keyfiyyət baxımından üstün idi. Onları təbrik edirəm”.

Baş məşqçi millinin oyunları ilə əlaqədar yaranan fasilənin komandanın işinə yaramadığını sözlərinə əlavə edib: "Adil Nağıyev “Neftçi” ilə görüşdə zədələndiyi üçün bir həftə məşq etmədi. Əslində “Neftçi” ilə oyunun yerinin dəyişdirilməsindən narahat idim. Amma başqa əlac da yox idi. Onların meydanı təmirə bağlanmışdı. Ardıcıl süni ot örtüyündə oynamaq futbolçular üçün çətin olur”.

Mütəxəssis buraxdıqları qol epizodunda qapıçı Kamran Ağayevlə dialoqu barədə də danışıb: “Onu çağırmağımda səbəb odur ki, Kamran müzakirə aparmalı deyil. Rəqib tez başlayıb, qol vura bilərdi. Hansı ki, bunu etmək istədilər. Belə hallarda qapıçı müzakirə aparmamalı və yerinə qayıtmalıdır. Mən də bunu kənardan hiss edirdim. Orada cərimə zəribəsi var idimi? Rauf Cabarov oyunu yaxşı səviyyədə idarə etməyə çalışsa da, alınmadı. Bəzən birtərəfli qərarlar görsənirdi. Məncə, birinci qolda rəqib Kamranı itələyib cərimə meydançasından çıxardı. Bütün hallarda “Keşlə” daha istəkli idi. Qələbələrinə kölgə salmaq istəmirəm".