19:43 16-10-2021
news_image
139
FUTBOL

Elmar Baxşıyev: “Futbolçular özlərinə nəzarət etməyi bacarmalıdırlar”

“Uzun fasilə yarandığından çətin olacağını bilirdik. Heyətimizdə məşq prosesində bizimlə birlikdə olmayan futbolçular var idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının VII turunda “Zirə” ilə keçirilən oyun barədə danışarkən deyib.

1:1 hesabı ilə başa çatan Qəbələ şəhər stadionundakı qarşılaşmadan sonra mətbuat konfransında fikirlərini bölüşən Baxşıyev mübarizənin çətin alınacağını öncədən bildiklərini söyləyib: “Zirə” liderlər qrupunda qərarlaşan komandadır və çempionat ərzində iddiasını nümayiş etdirir. Komandanı həftəlik ağır oyuna hazırlayırdıq. Sevindirici haldır ki, komanda meydanda plan üzrə bütün tapşırıqları yerinə yetirməyə çalışdı”.

Çalışdırıcı birinci hissədə tam istədikləri oyunu göstərə bilməmələrini bu cür izah edib: “Səbəb deyəndə “Zirə”ni də qeyd eləmək lazımdır. Rəqib təzyiq göstərirdi, müdafiədən rahat çıxmağımıza imkan vermirdi. Ancaq deyim ki, ilk hissədəki çıxışdan da razıyam. Komanda meydanda nizam-intizamı qoruyub saxlayırdı. Sadəcə, ikinci hissədəki əvəzetmələr oyuna dəyişiklik gətirdi və tam üstünlüyü ələ aldıq”.

Baş məşqçi birinci dövrəni turnir cədvəlinin 3-cü pilləsində başa vurmalarına da münasibət bildirib: “İnandırım sizi, nə mən, nə də komanda turnir cədvəlinə baxırıq. Yalnız qarşıdakı matçı düşünürük. Mövsüm uzundur, komanda şəklində daha yaxşı ola bilərik. Bu potensialımız var. Fernan Torres də oyunumuza rəng qata biləcək futbolçudur. Getdikcə daha yaxşı olacağımıza inanıram”.

Elmar Baxşıyev qarşılaşmadan sonra yarımmüdafiəçiləri Ehtiram Şahverdiyevlə “Zirə”nin müdafiəçisi Dmitrios Çantaikas arasında yaşanan qalmaqala da toxunub: “Həmin hadisə emosiya ilə bağlı yarandı. Futbolçular meydançada özlərinə nəzarət etməyi bacarmalıdırlar. Oyunun ajoitajı hərdən belə insidentə gətirib çıxarır. Çox qabartmağa ehtiyac yoxdur. Futbolda olan hadisədir, normal qarşılayırıq”.