20:38 16-10-2021
news_image
188
FUTBOL

Rəşad Sadıqov: “Bunlar qəti şəkildə xoşlamadığım şeylərdir”

“Maraqlı oyunun şahidi olduq. Çempionatımızda belə matçların sayı nə qədər çox olsa, futbolumuz, futbolçularımız bir o qədər inkişaf edər. Dinamik, sürətli mübarizə izlədik. Üstünlük daim bir tərəfdən o biri tərəfə dəyişirdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının VII turunda “Qəbələ” ilə keçirilən səfər oyunu barədə danışarkən deyib.

1:1 hesabı ilə başa çatan qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında gənc mütəxəssis baxımlı oyun alındığını açıqlayıb: “Oyuna üstün başladıq, qoldan başqa imkanlarımız da oldu, yararlana bilmədik. Daha sonra “Qəbələ” oyunun gedişatını nəzarətə götürdü. İkinci hissəyə də fəal başladıq. Bu qaydada ərazi üstünlüyü tez-tez dəyişirdi. “Qəbələ” çempionatın ən yaxşı formada olan 2-3 komandasından biridir, stabildirlər. Onlardan Qəbələdə 1 xal almaq yaxşı nəticədir. Qalib gələ də bilərdik. Ancaq qələbə qazanmaq üçün ikinci topu vurmalı idik. Əlimizə düşən üstünlüyü inkişaf etdirmək lazım idi. Bu bizdə alınmadı. Əksinə, rəqib səhvimizdən istifadə edərək hesabı bərabərləşdirdi. Matçda axırıncı 6-7 dəqiqədə yenə üstünlük bizim tərəfdə oldu. Ümumilikdə çox yaxşı və keyfiyyətli mübarizə alındı”.

Sadıqov geridə qalan birinci dövrəni komandası üçün müsbət qiymətləndirib: “Nəzərə alaq ki, ilk milli fasiləyə qədər 2 oyun keçirdik və cəmi 1 xal qazandıq. Ondan sonrakı 5 matçda 11 xal toplamağımız bizim üçün yaxşı göstəricidir. Oyundan-oyuna da inkişafdayıq. Bəzi itkilərimiz var. Georgi Stoilov, Filipe Paxtman sıradan çıxdı. Məsələn, bu gün sona yaxın hücumu gücləndirmək istədim, ancaq ehtiyatda belə futbolçu yox idi. Məcburiyyətdən meydana müdafiəçi buraxdıq ki, Qismət Alıyevlə Coşqun Diniyevi irəli çıxaraq. Bu baxımdan çətinliklərimiz var. Qış fasiləsinə qədər zədəliləri sığortalamağa çalışacağıq. Qismət özü də “Sumqayıt”la oyunda zədələnmişdi, 10 günə yaxın idi bizimlə birlikdə deyildi. Son 25-30 dəqiqə iştirak edə bildi. Ümumilikdə çıxışımız müsbətdir, futbolçular tapşırıqları yerinə yetirməyə çalışırlar. İstəkli, həvəsli və nizam-intizamlıdırlar”.

39 yaşlı çalışdırıcı qış fasiləsində heyəti gücləndirmək istədiklərini gizlətməyib: “Hər bir komanda heyətini daha da genişləndirmək, gücləndirmək istəyər. Əslində mövsümün əvvəlində daha geniş heyət planlaşdırırdım. Amma transfer siyasəti həm maddi durumdan, həm də sənə təklif olunan futbolçulardan asılıdır. Alnsa, rəhbərlik də icazə versə, bəlkə qışda heyəti bir az genişləndirdik”.

Baş məşqçi 18 yaşlı müdafiəçi Cəlal Hüseynova kapitanlıq sarğısını həvalə etməsinə də aydınlıq gətirib: “Heyətdə başqa təcrübəli futbolçular var idi. Cəlalı 2-3 il sonra millinin aparıcı oyunçularından biri kimi görürəm. Həm futbol bacarığı, həm xarakteri, həm də soyuqqanlılığı ilə göstərdi ki, seçimimizdə yanılmamışıq. Əslində bizim kapitanımız Ağabala Ramazanov, vitse-kapitan Qismət Alıyevdir. Beynimdə üçüncü kapitan kimi Cəlalı düşünürəm. Ona şans verdikcə “bərkiməsini”, məsuliyyətinin artmasını istəyirəm. O, bu gün yükün altından layiqincə çıxdı”.

Gənc mütəxəssis matçdan sonra müdafiəçiləri Dmitrios Çantaikasla rəqibin yarımmüdafiəçisi Ehtiram Şahverdiyev arasında yaşanan qalmaqalla bağlı da fikir bildirib: “Orada bir az gərginlik oldu. Ehtiram bir az gərginləşmişdi, görüşün son saniyələrində Çantaikasla aralarında nəsə olmuşdu. Ehtiramı sakitləşdirməyə çalışırdıq. Çox qarışıqlıq oldu, düzü, nə baş verdiyini bilmədik. Mütləq araşdıracağıq. Bizim futbolçunun bu məsələyə aidiyyəti varsa, hər hansısa bir danışıq və ya tədbir mütləq görəcəyik. Bunlar qəti şəkildə xoşlamadığım şeylərdir. Ehtiram da son vaxtlar yaxşı formada idi. Bu gün meydana girəndən sonra da oyun dəyişdi. Belə şeylərdən uzaq durmalıyıq ki, inkişafımıza mane olmasın”.