20:39 16-10-2021
news_image
916
FUTBOL

Rəşad Sadıqov Milan Obradoviçə “od püskürdü”: “Uğursuzluqları belə şeylərə bağlamaq absurddur”

“Obradoviçin bu fikri ilə qəti razı deyiləm. Biz isə əksinə, təklif edirik ki, 21 yaşadak oyunçu limiti yığışdırılsın, amma komanda sayı artırılsın. Belə olan halda bütün gənclər oynayacaq”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının VII turunda “Qəbələ” ilə keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis U-21 yığmamızın baş məşqçisi Milan Obradoviçin “çempionat oyunlarında 21 yaşadək futbolçu limiti 1 yox, 2 olsun” təklifinə münasibət bildirib. O, serbiyalı ilə razı olmadığını deyib: “Mən çempionatımızda 18 yaşımda debüt etmişəm. Çünki komanda sayı çox idi, regionlarda futbol var idi. Gənclərə də hamı şans verməyə çalışırdı. Bu gün 8 komandalı çempionatda iştirakçıların hamısı avrokuboklara iddialıdırsa, rəhbərlik yalnız nəticə tələb edirsə, məşqçilər də gənclərə az şans verəcək. Obradoviç desəydi ki, komanda sayı artırılmalıdır, daha məntiqəuyğun olardı”.

39 yaşlı çalışdırıcı Obradoviçi “Zirə”nin üzvü Rauf Hüseynlinin fiziki hazırlığının aşağı səviyyədə olması ilə bağlı fikrinə də toxunub. O, həmkarının düzgün danışmadığını söyləyib: “Artıq ikinci dəfədir açıqlamasında fiziki cəhətdən problemlə bağlı ifadə istifadə edir. Xüsusən də, Rauf Hüseynlinin adını çəkmişdi. Bir məqama toxunum. Bəlkə də, bu dəqiqə çempionatda fiziki cəhətdən ən hazırlıqlı futbolçu Raufdur. Birinci təlim-məşq toplanışını “Qarabağ”la, ikinci hazırlıq dönəmini isə bizimlə keçib. Kimsə oynamırsa, yaxşı formada deyilsə, oyunu alınmırsa, bu, təkcə fiziki durumla bağlı deyil. Bu problemlər artıq keçmişdə qaldı. Əvvəllər komandamız 60-70-ci dəqiqədən sonra qol buraxanda bunu həmişə fiziki durumla bağlayırdılar. Rəqib geridə olanda böyük qüvvə ilə irəli atılmalı olur, daha məsuliyyətli və istəkli oynamağa başlayır. Texniki səhv ola bilər və ya komanda hesabda irəlidə olarkən son dəqiqələrdə psixoloji cəhətdən gərginləşə bilər. Min cür səbəblər var. Hər şeyi fiziki durumla bağlamaq 10-15 il əvvəldə qaldı. Artıq müasir futboldur. Raufun fiziki cəhətdən problemi olsaydı, Finlandiya ilə görüşün 86-cı dəqiqəsində qol vura bilməzdi. Hansısa oyunda performansından razı qalmayıbsa, bunu hər zaman fiziki durumla bağlamaq düz deyil”.

O, milli məşqçilərin tez-tez futbolçuların yığmada az vaxt keçirmələri ilə bağlı narahatlıqlarını da yersiz sayıb: “Deyirlər ki, futbolçu üç gün bizimlə olub, daha çox klubda hazırlaşıb. Əslində isə hər milli arada futbolçu 15 gün bizimlə birlikdə olmur. Milli ilə bağlı fasilə də hər ay olur. Necə ola bilər ki, futbolçu 3 gün onlarla, 27 gün bizimlə hazırlaşır? Bu haradan çıxıb? Sadə bir şeydir, təqvimə baxmaq kifayət edər. Başqasının üstünə səhvlər atmaq yaxşı hal deyil. Biz də çox şey deyə bilərik, amma danışmırıq. Ən azı düşünürük ki, həmkarıq, nəsə bir şey olanda dəstəkləməyə çalışırıq. Hər hansısa bir səhvləri, məsələləri qabartmırıq. Xahiş edirəm ki, bütün həmkarlar buna diqqət yetirsinlər. Elə danışsınlar ki, həmkarın işinə qarışmasınlar. İstifadə etdiyi ifadə ilə həmkarın işinə toxunmasın. Bu elə işdir ki, səhvsiz mümkün deyil. Ola da bilər ki, hansısa futbolçunu fiziki cəhətdən düzgün hazırlamaram. Amma bunu qabartmaqla bütün probelemləri, bütün uğursuzluqları belə şeylərə bağlamaq absurddur. İstər yerli, istərsə də millidəki əcnəbi məşqçilər açıqlamalarında diqqətli olmalıdırlar”.