11:15 18-10-2021
news_image
189
FUTBOL

Aftandil Hacıyev hakimi günahlandırdı: “Oyunun taleyini dəyişdi”

“Keşlə” ilə oyunda buraxdığımız ilk qoldan əvvəlki epizodun təkrarına baxmışam. Orada top Kamran Ağayevdə olarkən xətti keçməyib”.

Bunu apasport.az saytına açıqlamasında “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın VII turunda “Keşlə” ilə keçirilən oyunun 65-ci dəqiqəsində qapılarına təyin edilən cərimə zərbəsini dəyərləndirərkən deyib.

Hesabın açılmasına səbəb olan həmin epizodla bağlı düşüncələrini bölüşən 40 yaşlı mütəxəssisin fikrincə, baş hakim Rauf Cabarov kobud səhvə yol verib. Qapıçıları Kamran Ağayevin topla xətti keçmədiyini vurğulayan Hacıyev eyni zamanda rəqib hücumçu Anatole Abanqın da ona qarşı kobudluq etdiyini söyləyib: “Hakim epizodu dəyərləndirərkən “Keşlə”nin hücumçusu Anatole Abanqın Kamrana maneçilik törətdiyinə də diqqət yetirməli idi. Aralarında məsafə çox az idi, yüngül də olsa Kamrana toxunur. Həmin epizodda əks tərəfə cərimə verilməliydi, hakim bizim qapıya tərəf göstərdi. “Zirə” ilə kubok oyunumuz yadıma düşdü. Rəqib qapıçı topu oyuna daxil edərkən onu Adil Nağıyevə vurdu və qol oldu. Lakin Rəhim Həsənov qolu saymadı. Bu dəfə isə daha qısa məsafədən Kamrana müdaxilə olundu. İkincisi, heç top da xətti keçməmişdi. Bütün hallarda burada cərimə zərbəsi təyin etmək absurd qərar idi”.

Paytaxt klubunun çalışdırıcısı referinin səhvinin onları məğlubiyyətə sürüklədiyini düşünür: “Hakimin həmin səhvi oyunun taleyini də dəyişdi. Çünki matçda nəzarət bizim əlimizdə idi, hər şey istədiyimiz kimi gedirdi. Belə bir vəziyyətdə həmin qol, əlbəttə ki, rəqibi ruhlandıracaqdı. Hesabda geri düşən komandada isə psixoloji ab-hava başqa olur”.

Aftandil Hacıyev eyni zamanda mövsümün ilk dövrəsindəki hakimliyin ürəkaçan olmadığını da vurğulayıb: “Hakimliklə bağlı şikayətlər çoxdur. Digər klublardan şikayətlər var. Bizim oyunlarda da səhvlər olub, sadəcə çox qabartmamışıq. Amma son oyun səhvlərin daha da artdığını göstərir”.

Qeyd edək ki, “Səbail” – “Keşlə” oyunu ikincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.