09:58 19-10-2021
news_image
196
FUTBOL

İspaniyalı futbolçu: “Qarabağ”da bu addımın səhv olduğunu başa düşdülər”

“Karyeram ərzində qarşılaşdığım ən güclü futbolçular “Qarabağ”ın heyətində “Çelsi” ilə oynayarkən Eden Azar və Villian olub”.

Apasport.az saytının məlumatına görə, bunu “Yagelloniya”nın yarımmüdafiəçisi Dani Kintana deyib.

Polşa mətbuatına müsahibə verən ispaniyalı futbolçu Azərbaycanda keçirdiyi illərlə bağlı maraqlı xatirələrini bölüşüb. O, Çempionlar Liqasının qrupunda çıxış etdikləri 2017/18 mövsümündə üz-üzə gəldikləri rəqiblərin ən güclülər olduğunu söyləyib: “Həmin vaxt “Çelsi”, “Atletiko” və “Roma” ilə qarşılaşdıq, hamısı da bizdən güclü idi. Ancaq onlarla rəqabət apara biləcəyimizi hiss etdik. Yalnız “Çelsi” ilə oyun zamanı aradakı fərqi hiss edə bilirdik”.

34 yaşlı pleymeyker Plotsk “Visla”sının müdafiəçisi Yakub Jezniçakın həmin vaxt “Qarabağ”ın ən yaxşılarından olduğunu söyləyib: “Qarabağ”da çiyin-çiyinə oynadığım Jezniçak çox inamlı və möhkəm müdafiəçidir. Həmişə çox yaxşı oynayırdı. Hamımız “Qarabağ”ın onunla müqaviləni yeniləməməsinə təəccübləndik. Hətta bir neçə matç keçirməyəndə və sonradan heyətə daxil ediləndə də incimirdi. Paltardəyişmə otağına təlaş olmadan girirdi. Daha sonra klubda onunla müqaviləni yeniləməməyin səhv addım olduğunu və layiqli əvəzləyici tapmağın çətinliyini başa düşdülər”.

Kintana Polşa Ekstraklasası ilə Azərbaycan Premyer Liqasını da müqayisə edib. O, Polşa çempionatının heç də səviyyə baxımından üstün olduğunu düşünmür: “Amma Ekstraklasa daha yaxşı vitrindir. Polşada yaxşı oynasan, səni Almaniyada, Avstriyada və ya İspaniyada görürlər. Azərbaycanda heç kim səni izləmir. Digər tərəfdən “Qarabağ”da oynamaq mənim üçün “Yagelloniya”da çıxış etməkdən daha çətin idi. Çünki bütün rəqiblər yalnız müdafiə olunur, “avtobusu” öz qapısı qarşısına çəkirdi. Orada ən güclü biz idik, ilk iki ildə böyük xal fərqinə sahib olduq, ardıcıl 16 qələbə qazandıq. “Qarabağ” yaxşı təşkilatlanmış komandadır. Pul, baza, qayğı... Əsl klubdur. Jezniçak da ora transfer olunmazdan əvvəl məndən soruşanda eyni şeyi dedim. Sonra haqlı olduğumu etiraf etdi”.