10:07 19-10-2021
news_image
4668
FUTBOL

Sabiq “Qarabağ”lı: “Qurban Qurbanova dedi ki, gələ bilmərəm, arvadım icazə vermir”

“Gerye çox gülməli adamdır, qarşısında gülümsəməmək mümkün deyil”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın sabiq futbolçusu Dani Kintana sabiq komanda yoldaşı Vild-Donald Gerye barədə danışarkən deyib.

İspaniyalı hücumameyilli oyunçu hazırda “Apollon”un (Kipr) şərəfini qoruyan haitili sol cinah müdafiəçisinin intizamsızlıqlarından bəhs edib. O, hətta bir neçə dəfə Geryeyə xəbərdarlıq etdiyini də söyləyib: “İnanılmaz imkanları var idi, ən yüksək səviyyədə oynaya bilərdi. Problem başının ona düzgün yön verməməsi idi. Geryeyə deyirdim ki, lazımsız hərəkətlər edirsən, niyə baş məşqçini dinləmirsən, niyə məşqlərdən yayınırsan? Amma onu incitməyin yolu yox idi. Gülməyə başlayırdı, səni də gülmək tuturdu”.

Kintana 2019-cu ildə Geryenin “Qarabağ”dan ayrılmasının səbəbini də izah edib. O, həmin hadisədən sonra Donaldın “Neftçi”yə yollandığını deyib: “Önəmli oyuna hazırlaşırdıq, Donald qısa tətildən qayıtmalı idi. Baş məşqçi niyə gəlmədiyini soruşmaq üçün zəng edəndə cavabında dedi ki, gələ bilmərəm, arvadım icazə vermir. Çalışdırıcı daha sonra telefonu həyat yoldaşına verməyini istədi və “niyə gəlməsinə icazə vermirsən”, sualını ünvanladı. Onun cavabı isə belə oldu: “Nə? Haitidən qayıtmaq istəməyən Donald özüdür. Bu hərəkətindən sonra “Neftçi”yə keçdi”.

İspaniyalı Geryenin bir matçda etdiyi hərəkətə görə baş məşqçi Qurban Qurbanov tərəfindən qınanıldığını da əlavə edib: “Bir dəfə tribunadan daş atdılar, Donald da özünü yerə atıb başını tutdu. Daşı əlində saxlayıb, yerdə qışqırırdı. Etiraz etdik ki, onu öldürə bilərdilər. Amma ertəsi gün baş məşqçi iclasda həmin epizodun videosunu göstərdi, baxdıq ki, top Donalddan uzağa düşüb, o özünü daşın üstünə atıb”.

Qeyd edək ki, Dani Kintana hazırda Polşa klubu “Yagelloniya”da çıxış edir. Vild-Donald Gerye isə 2019/20 mövsümünü “Neftçi”də keçirdikdən sonra “Qarabağ”a qayıtsa da, bu ilin əvvəlində yenidən ayrılıb.