00:00 20-10-2021
news_image
217
FUTBOL

“Qızıl top”a namizəd seçilməyən 6 ulduz futbolçu - ADLAR

“Qızıl top” mükafatına namizəd 30 futbolçunun adı açıqlansa da, mütəxəssislər bəzi oyunçuların kənarda qalmasını düzgün seçim hesab etmir.

Apasport.az saytının məlumatına görə, xüsusən də, 6 oyunçunun siyahıya salınmaması birmənalı qarşılanmayıb.

Futbol ictimaiyyətinin fikrincə, aşağıda adları sadalanan futbolçular da “Qızıl top”a iddiaçı “30-luq”da yer almalı idi:

1. Eduard Mendi
“Çelsi”də əla il keçirən qolkiper komandanın Çempionlar Liqasını (ÇL) qazanmasında önəmli pay sahibi oldu. ÇL-in 9 matçında rəqib hücumçularına keçid imkanı verməyən seneqallı qapısında cəmi 3 top buraxmasına baxmayaraq, “Qızıl top” uğrunda mübarizəyə qoşula bilmədi.

2. Jozua Kimmix
“Bavariya”nın aparıcı oyunçusu ötən mövsüm Bundesliqanı, Alaniya Superkubokunu, UEFA Superkubokunu və Klublararası dünya çempionatını qazansa da, siyahıya salınmadı. Halbuki o, ötən mövsüm Bundesliqada 4 qol, 10 assist, ÇL-də isə 1 qol, 4 assistlə yadda qaldı.

3. Pol Poqba
Poqba AVRO-2020-də Fransa yığmasının heyətində ən parlaq oyun nümayiş etdirənlərdən biri idi. Cari mövsümə də Premyer Liqada rekordlarla başlayan yarımmüdafiəçi ilk 4 matçda 7 məhsuldar ötürmə ilə tarixdə ilki reallaşdırdı. Ancaq bütün bunlar “Qızıl top”a iddia etmək üçün yetərli olmadı.

4. Xın Min Son
“Tottenhem”in cənubi koreyalı oyunçusu ötən mövsüm karyerasının pik həddinə çatdı. Premyer Liqada 17 qol, 10 məhsuldar ötürmə vermək bir yarımmüdafiəçi üçün heç də asan deyil. Son cari mövsümə də 3 qol, 1 assistlə başladı. Ancaq fərdi mükafat uğrunda yarışdan kənarda qaldı.

5. Yan Oblak
Dünyanın ən yaxşı qapıçısı reytinqində birinci pilləyə yüksələn Oblak ötən mövsüm “Atletiko”nun La Liqanı qazanmasının memarlarından biri oldu. Sloveniyalı qolkiper düz 18 matçda qol buraxmadı. Cəmi 25 dəfə topu tordan çıxarmalı oldu ki, bununla liqada ən az qol buraxan qapıçı oldu.

6. Federiko Kyeza
Kyeza AVRO-2020-də İtaliya millisini çempionluğa daşıyan adlardan biri idi. Turnirdə 2 vacib qol vuran yarımmüdafiəçi A seriyasında da 8 qol, 8 məhsuldar ötürmə ilə diqqət çəkmişdi. Ancaq bu göstəricilər də onu “30-luğ”a düşməyə kömək etmədi.