11:07 20-10-2021
news_image
107
FUTBOL

Millimizin kapitanı qrupu dəyərləndirdi: “Bizim üçün ram edilməyən rəqiblərdəndir”

“Hər 3 komanda tanışdır. Hamısı ilə istər rəsmi, istərsə də yoldaşlıq oyunlarında qarşılaşmışıq. Güclü komandalarla bir qrupda yer aldığımızı düşünürəm”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev deyib.

O, Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında Avropa çempionatının final mərhələsinin püşkatmasını dəyərləndirib. Fərzəliyev D qrupundakı rəqiblərimiz Bosniya və Herseqovina, İspaniya və Gürcüstanla çətin görüşlərin olacağını söyləyib.

Komandaları tək-tək də dəyərləndirən futzalçı ilkin hədəfin qrupdan çıxmaq olduğunu vurğulayıb: “İlk oyunda qarşılaşacağımız Gürcüstan millisini xüsusi qeyd etmək istəyirəm. Bu komanda son illər yüksəlişdədir. Hələ 2018-ci ildə pley-offlarda uduzmaqla final mərhələsində debüt etmək imkanını qaçırdılar. Heyətlərində braziliyalı futzalçılar çoxluq təşkil edir. Bu cür hazırlıq onların hədəflərinin daha yüksək yerlər olduğunu göstərir. İspaniya yığmasına gəldikdə, onların gücü də, məqsədi də, hədəfi də ortadadır. Bizim üçün hələ ki, ram edilməyən rəqiblərdəndir. Son dünya çempionatında əsasən gənc futzalçılara üstünlük verdilər. Yeni nəsil gəlir. Təbii ki, onlar da sələflərinin iddiasını davam etdirməyə, uğurlarını təkrarlamağa çalışacaqlar. Mundialda da pis təsir bağışlamadılar. Qrupda son oyunumuzu Bosniya və Herseqovina millisinə qarşı keçirəcəyik. Əgər onlar qitə birinciliyinin final mərhələsinə yüksəliblərsə, deməli, güclü komandadır. Çalışacağıq ki, yaxşı nəticə qazanaq, ən azı qrup mərhələsindən 1/4 finala yüksələk”.

Rizvan Fərzəliyev Azərbaycan millisini bu turnirlər üçün təcrübəli hesab edir. O, yeni formatın çətinliklərindən də bəhs edib: “Avropa çempionatının final mərhələsində 6-cı dəfə iştirak edəcəyik. Qrupumuzda yer alan komandalardan İspaniyadan sonra bu göstəricidə ən təcrübəlisi biz hesab olunuruq. Gürcüstan və Bosniya və Herseqovina debütantdır. Amma bu, işimizi asanlaşdırmayacaq. Üstəlik, bu qitə birinciliyi yeni formatda keçiriləcək. Bu dəfə qruplarda 4 komanda yer alır. Hər oyunun nəticəsi əhəmiyyətli olacaq. Məqsədə çatmaq üçün qələbə ilə başlamalıyıq. Əvvəl qrupda 3 komanda yer alırdı. Onda əsasən bir komanda ilə mübarizə aparırdıq. Hətta 1 xalla belə mərhələ adlamaq mümkün idi. İndi belə olmayacaq. Rəqabət artıb. İşimiz çətin olacaq, amma təcrübəmizdən yararlanacağıq. Qrup mərhələsini adlamaq üçün gücümüzü səfərbər edəcəyik”.