12:24 20-10-2021
news_image
164
FUTBOL

Abdullah Zubir: “Burada azarkeşlər stadiona daha yaxındır”

“Bizim üçün önəmli oyundur. Matça hazır olduğumuzu düşünürəm”.

Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”ın futbolçusu Abdullah Zubirə məxsusdur.

Fransalı yarımmüdafiəçi Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstan klubu “Kayrat”la keçiriləcək oyunöncəsi mətbuat konfransında iştirak edib.

30 yaşlı hücumameyilli oyunçu sabahkı matça hazır olduqlarını bildirib: “Qrupa yaxşı başlamışıq. Evdə nəticə qazanmaq istəyirik. Rəqib yaxşı kollektivdir, amma istənilən halda doğma meydanda oynayırıq və yaxşı nəticəyə köklənmişik. Hər oyunda effektiv olmağa çalışıram. Sabah da belə olacaq. Çalışacağam ki, komandaya kömək edim. Əlimdən gələni edirəm ki, komandaya xeyirim dəysin”.

Zubir təsnifat mərhələsində meydanın ot örtüyünün yaxşı vəziyyətdə olmadığını sözlərinə əlavə edib: “Amma burada oyunumuzdan daha çox məmnunuq. Çünki azarkeşlər stadiona daha yaxındır”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Kayrat” matçı saat 20:45-də başlayacaq.