12:55 20-10-2021
news_image
152
FUTBOL

Qurban Qurbanov: “Nə vaxt məğlub olacağımızı gözləyirlər”

"Həmişə həmkarlarıma hörmətlə yanaşmışam. "Kayrat"ın baş məşqçisi Kurban Berdıyevin uğurlu karyerası olub. Çempionlar Liqasında və Avropa Liqasında yaxşı nəticələr qazanıb. Onun hansısa oyuna məsuliyyətsiz yanaşdığını görməmişəm".

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda üz-üzə gələcəkləri Qazaxıstanın “Kayrat” komandasının baş məşqçisi Kurban Berdıyev haqda danışarkən deyib. 

49 yaşlı mütəxəssis Bakıdakı qarşılaşmanın Berdıyev üçün çox vacib olduğunu söyləyib: “Qarşımızda çox təcrübəli və bacarıqlı baş məşqçi olacaq. Oyunun gedişatında müxtəlif rotasiyalar edə bilər. Biz də bütün bunlara qarşı diqqətli olmalı və öz oyunumuzu qurmalıyıq”.

Baş məşqçi 15 oyun məğlub olmamaları ilə bağlı fikirlərini də bölüşüb: "Mənim narahat olduğum məqamlardan biri elə budur. Bir tərəfdən bu statistikaya sevinirəm. Komanda haqqında xoş sözlər deyilir. İstər-istəməz psixoloji zərbələr futbolçulara təsir edir. Bəzən belə seriya olanda düşünürlər ki, komanda nə vaxt məğlub olacaq? Mən heç istəmərəm ki, bu oyunlarda belə hal yaşansın. Çox istəyərəm ki, məğlubiyyətsizlik haqqında yazılar daha az olsun. Biz deyə bilərik ki, bu, bizə təsir etməyəcək. Belə nəticələr digər tərəfdən komandaya inam və ümid verir. Digər tərəfdən sanki gözləyirlər ki, nə vaxt məğlub olacağıq? Hər halda aydan-aya, ildən-ilə böyüməliyik. Biz uğurlu nəticələr əldə etmək istəyiriksə, 15 oyunluq məğlubiyyətsizlik seriyasını unutmalı və qarşıdakı görüşə köklənməliyik".