09:08 21-10-2021
news_image
144
FUTBOL

Sergey Politeviç: “Qarabağ”a problem yaratmaq onu topdan məhrum etmək olar”

“Qarabağ”ın qalib gəlmək şansı daha çoxdur, amma açıq favorit hesab etmək olmaz”.

Apasport.az saytının məlumatına görə, bunu “Kayrat”ın sabiq futbolçusu Sergey Politeviç Konfrans Liqasının qrup mərhələsində Qazaxıstan klubunun “Qarabağ”la keçirəcəyi oyun barədə danışarkən deyib.

Hazırda Soliqorsk “Şaxtyor”unun formasını geyinən Belarus millisinin sabiq müdafiəçisi Kurban Berdıyev amilinə toxunub. O, “Kayrat”ın turnirə uğurlu başlanğıc etmədiyini də vurğulayıb: “Kayrat” qrup mərhələsinə çox da yaxşı başlamadı. Kiprlilərə qarşı bəxti gətirmədi, “Bazel”lə görüş isə çətin idi, üstəlik, oyun səfərdə oldu. “Qarabağ”a problem yaratmaq onu topdan məhrum etmək olar. Ancaq fikrimcə, “Kayrat” bunu bacarmayacaq. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında qonaqların çalışdırıcısı Kurban Berdıyevin özündən üstün olduğunu etiraf etdi. Düşünürəm ki, o, təcrübədən danışırdı - axı bütün postsovet məkanında Berdıyevlə az adam mübahisə edərdi”.

31 yaşlı Politeviç bugünkü qarşılaşma ilə bağlı proqnoz da verib: “Bu matçda uğur qazanmaq üçün “Kayrat”ın necə oynamalı olduğunu söyləmək çətindir. Bəlkə də, sadəcə öz oyununu göstərməli, qorxmamalıdır. Görüşün səfərdə keçirildiyini unutsunlar, sürətli cinah keçidlərinə ümid etsinlər, müdafiədə diqqətli olsunlar və bütün şanslardan istifadə etməyə çalışsınlar. Düşünürəm ki, oyun sönük keçəcək, buna görə də az qol olacaq. Məncə, qarşılaşma 0:0 və ya 1:0 hesabı ilə başa çatacaq”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Kayrat” oyunu saat 20:45-də start götürəcək.