11:29 21-10-2021
news_image

Rəsul Çunayev 3-cü dəfə tələbə oldu: “Heç vaxt gec deyil”

Azərbaycan millisinin yunan-Roma güləşçisi Rəsul Çunayev üçüncü dəfə tələbə adını alıb.

Apasport.az saytının məlumatına görə, bu barədə 30 yaşlı güləşçi özü instaqram səhifəsində paylaşım edib.

Dünya çempionu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunduğunu bildirib: “Uşaq olarkən təhsilin əhəmiyyətini anlamadığım vaxtlarda məktəbə getməyi heç sevməz, dərs oxumaq istəməzdim. Amma böyüdükcə anladım ki, təhsilin insan həyatında böyük və mühüm rolu var. Əgər Vətəninə, xalqına xeyirli bir övlad olmaq istəyirsənsə, lazım olan əsaslardan biri də təhsildir. Yəni təhsil, həqiqətən də, bir millətin gələcəyidir. İndi isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsiyəm və təhsil həyatında 3-cü dəfə universitet oxuyacaq bir tələbə kimi demək istəyirəm ki, təhsil almaq üçün heç vaxt gec deyil. Siz də mənim kimi sonradan peşman olmayasınız deyə verəcəyim ən önəmli tövsiyələrdən biri də budur ki, təhsili öz həyatınızda əhəmiyyətli tutun. Çünki savad hər sahədə lazımlı və vacibdir”.

Qeyd edək ki, Rəsul Çunayev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, həmçinin Bakı Dövlət Universitetinin məzunu olub.