00:07 24-10-2021
news_image
324
FUTBOL

“El Klasiko”da 3 qələbəlik fərq - STATİSTİKA

İspaniya La Liqasının X turu çərçivəsində oktyabrın 24-də əzəli rəqiblər “Barselona” ilə “Real” üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, dünyanın ən böyük matçı hesab edilən “El Klasiko” tarixində komandalar 247-ci dəfə qarşılaşacaq.

Dünyanın bir çox ölkəsində canlı yayımlanması gözlənilən matç öncəsi “Real”ın üstünlüyü var. İndiyə qədər bütün turnirlərdə baş tutan 246 “El Klasiko”nun 98-də “kral klubu”, 96-da isə kataloniyalılar sevinən tərəf olub. 52 oyunda bərabərlik qeydə alınıb.

İspaniya nəhənglərinin La Liqa çərçivəsindəki görüşlərində madridlilər 3 qələbə üstündürlər – 75:72. Komandalar 35 qarşılaşmada qalibi müəyyənləşdirə bilməyiblər.

“El Klasiko”larda ən çox oyun keçirən futbolçu hər iki komandanın sabiq kapitanı Lionel Messi və Serxio Ramosdur. Hazırda PSJ-də komanda yoldaşı olan Messi ilə Ramos 45 dəfə “Barselona” ilə “Real”ın duelində meydana çıxıb. Həmçinin “El Klasiko”larda 26 dəfə fərqlənən Messi əzəli rəqabətdə ən çox qol vuran futbolçudur.

Qeyd edək ki, oktyabrın 24-də “Nou Kamp”da keçiriləcək “Barselona” - “Real” oyunu Bakı vaxtı ilə 18:15-də başlayacaq. Hazırda La Liqada “Real” 17 xalla ikinci, “Barselona” isə 15 xalla yeddinci pillədə qərarlaşır.