11:03 23-10-2021
news_image
589
FUTBOL

Amalı ilə əməli ilk gündən üst-üstə düşməyən “Sabah”

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə

Azərbaycanda inkişafı ən zəif gedən idman növü, yəqin ki, futboldur.

Apasport.az saytının məlumatına görə, bu sahəyə ayrılan vəsait fərdi idman növlərinə xərclənsəydi, bəlkə də, saysız-hesabsız Olimpiya çempionlarımız olardı.

Peşəkar iş qurmaqda acizlik
İstənilən idman növünün səviyyəsi onun təməli ilə ölçülür. Əgər aşağı yaş qruplarına ciddi diqqət yetirilirsə, peşəkar şəxslər təyin edilirsə, gec-tez uğur qazanacaqsan. Ancaq təəssüf ki, Azərbaycan futbolunda istər AFFA, istərsə də klublar peşəkar iş qurmaqda acizdir (və ya onlara sərf etmir).

Aşağı yaş qrupu üzrə çempionatlar futbolçu yetişdirmək və ya inkişafla deyil, ancaq qalmaqallarla gündəmə gəlir. Bu vəziyyət isə ildən-ilə yüksək liqanın zəifləməsinə, milli komandalarımızın biabırçı hesablarla məğlubiyyətlərinə gətirib çıxarır.

Son illər futbolumuzun ən böyük uğuru klub qəbiristanlığına yeni “ölü”nün aparılmamasıdır. Premyer Liqaya qəbul olunan axırıncı komanda isə 2018-ci “Sabah” olub. Adı kimi, sabahına böyük ümidlər bəslənərək yaranan bu klubun amalı ilə əməli ilk gündən üst-üstə düşməyib. Çünki “Sabah” rəhbərliyi ilk ilindəcə seyfin ağzını tam açaraq, iddialı komanda kimi giriş etməyə can atdı. İnsaf naminə, maliyyə güclərinə söz ola bilməz. Qurulan heyət “Qarabağ” və “Neftçi” ilə rəqabət apara biləcək durumda idi.

“Sabah” rəhbərliyi Azərbaycan futbolunun inkişafını istəsəydi...
Halbuki rəhbərlik inkişaf edə-edə, pillə-pillə yüksəlməyin də yolunu tuta bilərdi. “Sabah”ın hələ özü var olmayanda uşaq komandaları mövcud idi. Axı bu klubun təməli sayılan “Vətən”in uşaq komandaları fəaliyyət göstərirdi. “Sabah” rəhbərliyi Azərbaycan futbolunun, hansısa gəncin, yeniyetmənin inkişafını istəsəydi, indiyə qədər onlardan kimlərisə üzə çıxarardı.

Təbii ki, paytaxt təmsilçisini yalnız bir şey maraqlandırırdı – medalçılar sırasına düşmək. Bunun üçün lazımi futbolçu heyəti hər zaman olub da. Di gəl ki, həmin oyunçuları idarə edəcək nə peşəkar rəhbərlikləri, nə də bacarıqlı məşqçiləri oldu. Pərakəndə işin də nəticəsi fiasko olmalıdır. Necə ki, komanda artıq 4-cü mövsümdür bunu yaşamaqdadır. Təəccüblüsü isə budur ki, rəhbərlik bu səhvlərindən dərs də çıxarmır. Həftə səkkiz mən doqquz məşqçi dəyişmək yalnız acizlərin işidir. 3 illik komandanın baş məşqçi sayı artıq “itəcək” qədər çoxalıb. Son qurban isə ötən mövsümün sonlarında özünü doğrultmağı bacaran Ramin Quliyev oldu.

“Sabah” rəhbərliyinin ustalıqla bacardığı digər iş isə futbolçuları da əlcək kimi dəyişməsidir. Zarafat deyil, 2018-ci ildən bəri çempionatımızda oyunçu sarıdan korluq çəkməyən yeganə komandadır. Bir transfer dönəmində onlarla futbolçu yola salıb, dərhal da onların yerini doldurmaq bu klubun başbilənləri üçün uşaq oyuncağına çevrilib. Təsadüfi deyil ki, geridə qalan 3 mövsümdə Premyer Liqada “Sabah”ın heyətində 28-dən az futbolçu meydana çıxmayıb. Ötən mövsüm bu rəqəm hətta 32-yə yüksəlib. Ancaq bu qədər bolluğun fonunda ən böyük uğurları mövsümü 5-ci pillədə bitirmək olub.

İllik əcnəbi rekordu yenilənə bilər
“Neftçi”nin, “Qarabağ”ın əcnəbi tapmaqda çətinlik çəkdiyi bu dövrdə “Sabah” üçün ölkə xaricindən oyunçu gətirmək də heç nədir. Üstəlik, ildən-ilə bu sayı artırmağı da bacarıblar. İlk mövsümündə 9 əcnəbiyə etibar edən bakılılar 2019/20 mövsümündə 11, ötən mövsüm isə 14 əcnəbinin xidmətindən yararlanıb. Həmin 14 əcnəbidən isə bu mövsüm yalnız 4-ü iştirak ərizəsində yer alır. Keçən mövsümün gedişində və sonunda 10 gəlməni yola salan rəhbərlik cari mövsümə də 10 əcnəbidən ibarət heyətlə başlayıb. Mövsümün hələ yeni başladığını, qarşıda qış fasiləsinin olacağını nəzərə alsaq, klubun illik əcnəbi rekordunu yeniləməsi də qaçılmazdır.

Dünyanın istənilən klubunda uğur qazanmağın əsas yolu stabilliyi qorumaqdır. “Barselona”, “Bavariya” kimi klubları buna misal çəkmək olar. Uzağa getməyək, elə “Qarabağ”ın istər çempionatda, istərsə də avrokuboklardakı parlaq nəticələrinin təməlində də heyətin özəyinin qorunmasıdır. 2018-ci ilin yayında Premyer Liqada debüt edən “Sabah”ın isə həmin mövsümdə xidmətindən yararlandığı 28 oyunçudan cəmi 2-si hazırda komandada yer alır. Onlar da yaşı ilə əlaqədar artıq heç kimə lazım olmayan (hətta “Sabah”da da ehtiyatda oturan) Saşa Stamenkoviç və əsasla əvəzedici arasında get-gələ salınan Şakir Seyidovdur. Bu mövsüm əsas komanda üçün sifariş olunan 22 oyunçudan isə yalnız 10-u ötən mövsümdən qalanlardır.

“SABAH” MÖVSÜMLƏR ÜZRƏ:

2018/19 mövsümü - 27 xalla 7-ci yer
Premyer Liqada meydana çıxan futbolçular (28):
Elgün Nəbiyev, Erik Ramos, Saşa Stamenkoviç, Vanderson Nakimento, Cavid İmamverdiyev, Filip İvanoviç, Məqsəd İsayev, Kərim Diniyev, Eltun Turabov, Marko Deviç, Vadim Abdullayev, Novruz Məmmədov, Tarzin Cahangirov, Bəxtiyar Soltanov, Coşqun Diniyev, Rəşad Eyyubov, Elşən Abdullayev, Miloş Bosançiç, Vitali Kvaşuk, Şakir Seyidov, Təmkin Xəlilzadə, Emil Qasımov, Dmitri Bezruk, Tural Qürbətov, Elvin Yunuszadə, Reza Biqdelo, Kənan Həsənov, Zahid Mərdanov.

2019/20 mövsümü - 21 xalla 6-cı yer
Premyer Liqada meydana çıxan futbolçular (28):
Amadu Diallo, Bəhlul Mustafazadə, Saşa Stamenkoviç, Təmkin Xəlilzadə, Məhəmməd Mirzəbəyov, Şakir Seyidov, Məqsəd İsayev, Ozan Can Kökçü, Cavid İmamverdiyev, Coşqun Diniyev, Filip İvanoviç, Ulise Diallo, Hendrik Ekşteyn, Rəşad Eyyubov, Rocer Roxas, Kərim Diniyev, Ruslan Abışov, Mario Marina, Xulio Sezar Rodriges, Cavid Tağıyev, Yevgeni Koçuk, Abbas Ağazadə, Dmitri Bezruk, Marko Deviç, Ramil Şeydayev, Vadim Abdullayev, Arsen Ağcabəyov, Emil Qasımov.

2020/21 mövsümü - 29 xalla 5-ci yer
Premyer Liqada meydana çıxan futbolçular (32):
Ramil Şeydayev, Xulio Sezar Rodriges, Amin Seydiyev, Mario Marina, Coşqun Diniyev, Kevin Kubemba, Aleksey İsayev, Slavik Alxasov, Saşa Stamenkoviç, Bəhlul Mustafazadə, Filip İvanoviç, Təmkin Xəlilzadə, Amadu Diallo, Şakir Seyidov, Fofana Tiemoko, Ozan Can Kökçü, Veysəl Rzayev, Zurab Oçiqava, Məhəmməd Mirzəbəyov, Alvaro Villete, Bəxtiyar Həsənalızadə, Nikola Vuyadinoviç, Yevgeni Koçuk, Dmitro Klots, Ceyhun Nuriyev, Ruslan Abışov, Camal Cəfərov, Nicat Mehbalıyev, Abdulax Xaibulayev, Arsen Ağcabəyov, Elşən Abdullayev, Ulise Diallo.

2021/22 mövsümü
İştirak ərizəsi (22):
Rustam Samiqullin, Saşa Stamenkoviç, Səlahət Ağayev, Şpiro Periçiç, Şakir Seyidov, Arsen Ağcabəyov, Zurab Oçiqava, Bəxtiyar Həsənalızadə, Amin Seydiyev, Slavik Alxasov, Veysəl Rzayev, Mikels Coy-Lens, Xuan Kamara, Aleksey İsayev, İdris İnqilablı, Elvin Camalov, Petar Skuletiç, Kristian Sebalyos, İldar Alekperov, Mixeil Erqemlidze, Fofana Tiemoko, Xulio Sezar Rodriges

İbrahim Rəsul

MEDİA-nın maliyyə yardımı ilə dərc olunurMEDİA-nın maliyyə yardımı ilə dərc olunur