18:37 23-10-2021
news_image
550
FUTBOL

Ayxan Abbasov: "O, “Sumqayıt”ın uduzması üçün əlindən gələni elədi"

“Oyun haqda danışılası bir şey yoxdur. Bir komanda həftəboyu matça hazırlaşır, rəqibi təhlil edir, gecə-gündüz bir sistem üzərində əziyyət çəkir. Erkən dəqiqələrdə qırmızı vərəqə olması oyunu da başdan-ayağa dəyişir”.

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının VIII turunda “Sabah”la keçirilən oyundan sonrakı mətbuat konfransında deyib.

Səfərdə matçının 11-ci dəqiqəsində Murad Xaçayev qırmızı vərəqə aldığı üçün 80 dəqiqədən çox azlıqda çıxış edən “gənclik şəhəri” təmsilçisi ikinci hissədə buraxdığı qollarla 0:3 hesabı ilə məğlub olub.

40 yaşlı mütəxəssis hakimliklə bağlı narazılığını dilə gətirib: “Ötən turda “Sabah”ın “Qarabağ”la oyununda da qırmızı vərəqə olmuşdu. Amma orada qərar haqlı idi. Epizod gözümün qabağında oldu, Murad hakimə heç nə eləmədi. Etiraz edə bilər, əlinə dəyməsi də mümkündür. Sanki İnqilab Məmmədov “Sumqayıt”ın uduzması üçün bu gün əlindən gələn hər şeyi elədi. Buna görə, İnqilabı təbrik edirəm, öz istəyinə çatdı. Oturub baxsın. Haqq-ədalətdən danışırıq. Bu qədər insanın haqqına girmək olmaz. Futbolçular vuruşdular, futbolçulara ikiqat əziyyət oldu. Hətta 10 nəfərlə də qol epizodumuz oldu. Bəlkə də, Tellur Mütəllimov 46-cı dəqiqədə şansdan yararlansaydı, belə bitməzdi. Sistem tamam dəyişdi, epizodlar verdik. Bu, normaldır. Futbol çətin sənətdir. Amma Allaha and olsun adam hərdən bu sənəti seçdiyi üçün peşman olur. Bu gün öz peşəmə nifrət elədim. Daxildən bacarmırıq, hakim haqda danışmaq olmaz, cəza verəcəklər. Niyə hamı haqda danışa bilərik, hakimin səhvini deyə bilmərik? Bəs necə inkişaf edəcəyik? İnqilab gəlib əminliklə desin ki, Murad onu vurdu. Belə olmalıdır. Dərd nədir, “Sumqayıt” bir də getməsin avrokuboka? Qardaş, biz elədiyimizi eləmişik. Hər oyun danışmırıq, sakit oluruq. 11-ci dəqiqədə belə qırmızı vərəqə vermək olmaz. Futbolçuları saxlamışdım ki, ikinci qırmızı olmasın. İmkan ver, normal oyun getsin. Hakim nəzarət eləməli, bəzən güzəştə də getməlidir. Bunlar xarici oyunlara baxmırlar? Sonra deyirlər ki, bizə oyun verilmir. Vallah düz eliyib ona oyun vermirlər. Belə hakimlər gedib özlərinə sənət tapsınlar. Gəlib komissar olsunlar, ayda iki oyuna gedib pullarını alsınlar”.

Abbasovun fikrincə, Murad Xaçayev referiyə qarşı heç bir aqressivlik etməyib: “Deyirlər ki, hakim haqda danışmayın. Hakimi təhqir etmirəm ki, sözümü deyirəm. Baxaq, müzakirə edək. Bəlkə orada penalti var idi? Bizə qaydanı desinlər. Oyunçu qaçır, çiyin-çiyinə dəyirlər, heç bir aqressivlik də yoxdur. İndi baxmışam, heç oyunçu ona dəymədi. Qırmızı vərəqəni şərtləndirən nədir? Hakimi vurarsa, aqressiv hərəkət edərsə. “Sabah”ın qələbəsinə sözüm yoxur. Söhbətin onlara aidiyyəti yoxdur. Sadəcə, bu gün hakim oyunu itirdi, 11-ci dəqiqədə bizi sındırdı. Bəlkə də, gözəl futbol olacaqdı. Bəlkə də, uduzacaqdıq, problem yoxdur. Sadəcə futbol adına nəsə olacaqdı”.