20:20 23-10-2021
news_image
784
FUTBOL

Rəşad Sadıqov: "Hansısa klubdan təklif olsa, götür-qoy edərəm, düşünərəm"

“Yaxşı oyunun şahidi olduq. Sürətli, keyfiyyətli mübarizə oldu”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının VIII turunda “Neftçi”yə qarşı səfər görüşü barədə danışarkən deyib.

“Bakcell Arena”dakı matçda erkən qolla önə keçən qonaqlar sonda meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib.

Oyunsonrası mətbuat konfransında Sadıqov komandasının çıxışını dəyərləndirib: “Erkən qolla hesabı açdıqdan sonra rəqibin üzərimizdə təzyiq yaratması normaldır. Bir ani diqqətsizlikdən qol buraxdıq. İkinci hissədə oyunu bərabərləşdirdik. Qarşılıqlı hücumlar oldu. Səfərdə çempiona qarşı bu cür inama, əzmkarlığa görə komandama alqış düşür. Rəqib sonda əlinə düşən fürsətdən istifadə etdi”.

- Düşünmürsüz ki, son dəqiqələrdəki oyunu daha erkən göstərsəydiz, minimum 1 xal qazanardız?
- Oyun hesaba yönəlib. Rəqib də qol vurandan sonra fərqli oyun göstərir. “Neftçi”yə qarşı səfərdə böyük qüvvə ilə hücum edə bilməzsən. 1:1 olarkən bunu etmək ağılsızlıq olardı. Əslində həmin anda biz hesabı 2:1 edə bilərdik, ancaq rəqibin hücumu qolla nəticələndi. Fərqlənə bilərdik, Cəlalın şansı oldu, Sərtanın zərbəsi tirdən döndü.

- Hesab 1:1 olarkən Coşqun Diniyevi əvəzləməyinizin səbəbi nə idi?
- Coşqun mənim aparıcı oyunçumdur. Amma yorulmuşdu. Hacıağa Hacılı, Təmkin Xəlilzadə və Coşqun Diniyevdə də yorğunluq var idi. “Neftçi”nin yarımmüdafiəsində kreativ oyunçular var. Onlara qarşı yaxın oynamasan, səni cəzalandırarlar. “Neftçi”nin usta futbolçuları var. Onların qarşısını hər zaman almaq da olmur.

- Sizcə, 1:1 ədalətli nəticə olmazdı?
- Hər oyundan sonra bu söhbəti müzakirə etməyin tərəfdarı deyiləm. Burda hər üç nəticə ola bilərdi. “Neftçi”yə qarşı səfər oyunu üçün xal və ya xallarla qayıtmaq üçün əlimizdən gələni elədik, ancaq kifayət etmədi.

- Buraxılan qol epizodunda Təmkin iki addım atsaydı, bəlkə də, qol olmayacaqdı. Bu, sırf yorğunluqla bağlı oldu?
- Bəli, Meza Kolli oyunboyu çox təzyiq etdi, Təmkinin üzərinə çox yük düşdü. Bəlkə də, bir az dözə bilsəydi, nəticə fərqli olardı. Mənim üçün nəticə hər şey demək deyil. Səfərdə 84-cü dəqiqədə qol buraxdıqdan sonra hücuma atılıb şans yaratmaq, mübariz oyun mənim üçün önəmlidir. Bu gün tam qapanıq, hücum etmədən xal alsaydıq, komandamdan belə razı qalmazdım.

- Adınız milli komandanın baş məşqçisi postuna çəkilir. Təklif gələrsə, cavabınız nə olar?
- Milliyə adımı səsləndirirlərsə, mənim üçün xoşdur. Mənə təklif yoxdursa, bu barədə danışmağı xoşlamıram. Hansısa klubdan təklif olsa, götür-qoy edərəm, düşünərəm. Amma millidən nə vaxts təklif olsa, düşünmədən o işin altına girərəm. 18 yaşımdan millinin kapitanı olmuşam, doğma komandamdır. Bəlkə də, nə vaxtsa xaricdə işləyərəm. Orda olarkən təklif gəlsə də, düşünmədən qəbul edərəm.