18:19 24-10-2021
news_image
199
FUTBOL

Sənan Qurbanov: “Onun elə səhv edəcəyini gözləmirdik”

“Öz meydanımızda məğlub olmaq istəməzdik. Çox bəsit qollar buraxdıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının VIII turunda “Qəbələ” ilə keçirilən oyun haqda danışarkən deyib.

Bölgə təmsilçisini “ASK Arena”da qəbul edən bakılılar meydanı 2:3 hesablı məğlubiyyətlə tərk edib.

Oyunsonrası mətbuat konfransında Qurbanov komandasının çıxışını dəyərləndirib: “Rəqibi təhlil etmişdik. Təhlükəli hücumçularının olduğunu bilirdik. Qapımızda bizə yaraşmayan qollar gördük. İkinci hissədə rəqib 10 nəfərlə qaldıqdan sonra qol şanslarından yararlana bilmədik. Bu görüşü təhlil edib, “Zirə” ilə matça hazır olmalıyıq”. 

Qurbanov qapıçı Stanislav Namaşkonun aşağı səviyyədə çıxış etdiyini söyləyib: “Aşağı səviyyədə oynadı. 3-cü qolu buraxacağını, elə səhv edəcəyini gözləmirdik. Hər şey ola bilər. Bütün mövqelərdə rəqabət olmasını istəyərik. Gərək qapıçı özünü toparlasın. Kamal Bayramov təcrübəli qolkiperdir. Növbəti görüşlərdə onu meydanda görə bilərik".