11:58 25-10-2021
news_image
1007
FUTBOL

UEFA “Keşlə”yə sanksiya tətbiq edə bilər – YALNIZ BİZDƏ

“Keşlə” klubu sanksiya ilə üzləşə bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb paytaxt təmsilçisinin sabiq futbolçusu Ruslan Qurbanova olan borcunu ödəməməsidir.

Azərbaycan millisinin sabiq futbolçusu özü də əməkdaşımızla söhbətdə xəbəri təsdiqləyib. 30 yaşlı hücumameyilli futbolçu bakılılara UEFA-dan bu barədə məktub daxil olacağını bildirib: “Keşlə” tezliklə UEFA-dan və vəkilimdən məktub alacaq. Bu klubun borclu olduğu hər gün mənim xeyrimə işləyir. Onlar hətta müqaviləmi də mənə vermədilər. Halbuki buna haqları yoxdur”.

Qurbanov məktubun AFFA-ya göndəriləcəyini də istisna etməyib: “AFFA bu məsələdə kömək etmədi, belə düşünürəm. Ona görə də UEFA tezliklə ya klubu, ya da assosiasiyanı hər şey barədə məlumatlandıracaq. Vəkil üçün bütün sənədləri hazırlamışam ki, klub tezliklə məktub alsın. Orada halal pulumu qazandım, onlar isə bunun mükafatlar olduğunu deyirlər. Gülməlidir. Qələbələr qazanılmasaydı, mükafatlar da olmazdı. Müqavilədə yazılmışdı ki, avrokuboklara vəsiqə təqdirində mükafat olacaq. Avropa Liqasına yüksəldik, ancaq pul hələ də ödənilməyib”.

Qeyd edək ki, hazırda Belarus klubu “Slaviya”nın formasını geyinən Ruslan Qurbanov 2019/20 mövsümünü “Keşlə”də keçirib.