00:00 26-10-2021
news_image
789
FUTBOL

Millimizin sabiq futbolçusu: “De Byazi kimi əcnəbidənsə, yerli yaxşıdır

“Millimiz üçün fəlakətli il oldu. Hazırkı baş məşqçi Canni de Byazi yerli mütəxəssislərdən heç də yaxşı deyil”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu Ruslan Qurbanov deyib.

Hazırda Belarusda “Slaviya” klubunun formasını geyinən 30 yaşlı yarımmüdafiəçi baş məşqçisi Canni de Byazinin millimizə heç bir xeyir vermədiyini söyləyib. O, hətta de Byazinin sələfi Nikola Yurçeviçin adını da unudub: “De Byazi kimi əcnəbidənsə, yığmaya azərbaycanlı məşqçi gətirmək yaxşıdır. Seçmə mərhələdə cəmi 1 xal qazandırıb, həmişə danışır, özünü haqlı çıxarmağa çalışır. Mənə inanın, yerli məşqçilərimiz de Byazidən də, ondan əvvəl bu postda olan adını unutduğum (xorvatiyalı Nikola Yurçeviç – red.) çalışdırıcıdan da yaxşı nəticə göstərərlər. Xorvatiyalı yerlilərdən 4 dəfə çox pul qazanırdı. Bu, əlbəttə ki, AFFA-nın seçimidir. Mən sadəcə öz fikrimi bildirirəm. Məsələn, Qurban Qurbanov yığmanın baş məşqçisi olanda cəmi bir oyunda məğlub oldu, buna görə hamı onu hədəfə aldı. Düzdür, Malta önündə bəxt gətirmədi. Amma Qurban müəllim de Byazi və xorvatiyalının ikisinin cəmindən daha yaxşı nəticə göstərdi. Əgər Qurbanov qalsaydı, əminəm ki, millidə irəliləyiş olacaqdı. Hamı da bunu görəcəkdi. Çünki o, əsl məşqçidir”. 
Hücumameyilli oyunçu baş məşqçi postuna öz namizədlərini də açıqlayıb: “Məndən olsa, Rəşad Sadıqov və ya Samir Abasovu baş məşqçi təyin eləsinlər. İnanın ki, onların rəhbərliyi altında nəticələr daha yaxşı olar”.

Qeyd edək ki, Ruslan Qurbanov 2015-2018-ci illərdə Azərbaycan millisinin heyətində 23 oyun keçirib, 1 qola imza atıb.