10:16 26-10-2021
news_image
6192
FUTBOL

“Qarabağ” sıradan çıxdı

2021/22 mövsümündə Avropada məğlubiyyətsiz yoluna davam edən klubların sayı 2-yə enib.

Apasport.az saytının məlumatına görə, “Olimpiakos”dan sonra “Qarabağ” da sıradan çıxıb.

Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının VIII turunda dünən “Səbail”ə (1:3) yenilərək, cari mövsüm bütün turnirlərdə ilk məğlubiyyətini alıb. Qurban Qurbanovun yetirmələrinin uğurlu seriyası 17-ci matçda qırılıb. Buna qədər ağdamlılar 11 qələbə, 5 heç-heçə ilə yadda qalıblar.

“Qarabağ”dan əvvəl isə ötən həftə Avropa Liqasının qrup mərhələsində “Ayntraxt”a məğlub olan Yunanıstan “Olimpiakos”unun seriyası 15 görüşdə dayanıb.

Hazırda “köhnə dünya”da cəmi 2 komandanın biləyi bükülməyib. Onlar “Liverpul” və “Zalsburq”dur. “Böyük beşliy”in məğlubedilməz yeganə klubu olan “qırmızılar” Premyer Liqa, İngiltərə Kuboku və Çempionlar Liqasında ümumilikdə 13 matçda iştirak edib, cəmi 3 dəfə bərabərə qalıb. Yurgen Kloppun komandası 10 görüşdə rəqibini üstələyib.

“Zalsburq”un göstəriciləri isə daha diqqətçəkəndir. Avstriya klubu ölkə çempionatı, kuboku və Çempionlar Liqasında ümumilikdə 19 dəfə meydana çıxıb. 17 qarşılaşmadan qalib ayrılan “Zalsburq” cəmi 2 oyunda heç-heçə ilə barışmalı olub.