10:33 26-10-2021
news_image
90
FUTBOL

Millimizin Lüksemburq və Qətərlə oyunlarının biletləri satışa çıxarıldı

Azərbaycan millisinin noyabrda keçirəcəyi oyunların biletləri satışa çıxarılıb.

Apasport.az saytının məlumatına görə, komandamız DÇ-2022-nin seçmə mərhələsində noyabrın 11-də Lüksemburqla, 14-də isə yoldaşlıq görüşündə Qətərlə qarşılaşacaq.

COVID-19 pandemiyası ilə əlaqədar Bakı Olimpiya Stadionundakı matça arenanın azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacaq.

Həm Lüksemburq, həm Qətərlə oyunun biletlərini iticket mobil tətbiqi, veb saytı və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən iticket bilet satış məntəqələrindən əldə etmək olar.

Pandemiya ilə əlaqədar təması minimuma endirmək məqsədilə biletlər elektron formada təqdim ediləcək. Mobil tətbiq və ya veb-saytdan elektron bilet əldə etdikdə, həmin bilet alıcının e-mail ünvanına göndərilir və ya şəxsi kabinetində görünür.

Bilet satış məntəqəsindən bilet əldə etdikdə, elektron bilet alıcının e-mail ünvanına göndərilir, ehtiyac olarsa, A4 formatında çap edilib təqdim olunur. Oyun günü stadiona daxil olmaq üçün elektron bileti telefondan oxutmaq və ya A4 formatında çap edilmiş bileti təqdim etmək olar.
 
Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 manatdır.

Azarkeşlər stadiona COVID-19-la bağlı sanitar-gigiyenik prosedurlara riayət olunması şərtilə buraxılacaq.