12:18 26-10-2021
news_image
1760
FUTBOL

Millimizin sabiq legioneri: "Bakıya yalnız istirahətə gələcəyəm" - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu, Belarusda “Slaviya” klubunun formasını geyinən Ruslan Qurbanovun apasport.az saytına müsahibəsi

- Belarus çempionatında “Minsk”lə son oyunda dubl etsəniz də, “Slaviya”da deyəsən işləriniz tam yolunda getmir. Orada az oyun keçirməyinizin səbəbi nədir?
- BATE və “Minsk” üzərində ardıcıl qələbə sayəsində elitada qalmaq şansımız artdı. Mən də artıq optimal formamı yığmağa başlamışam. Son matçda da 90 dəqiqə iştirak etdim, 2 qol vurdum. 4-5 ayı buraxmalı olmuşdum, hətta məşq də etmirdim. Heç kim bu qədər tez formasını bərpa edə bilməzdi. Özümü artıq yaxşı hiss edirəm.

- Cəmi 4 oyunda iştirak etmisiniz. Komanda isə son sıralarda yer alır və mövsümün sonlarıdır. Qışda hansı addımı atacağınızı müəyyənləşdirmisiniz?
- Bəli, cəmi 4 matçda meydana çıxmışam. Uzun fasilədən sonra bu, normal hadisədir. Qarşıda hələ 4 tur var, gələcəklə bağlı məsələyə şərh vermək istəmirəm. Gözləyək görək necə olacaq. Hazırda məqsəd komandanın elitada qalmasına kömək etməkdir.

- Növbəti dayanacağınız yenidən Azərbaycan ola bilər?
- Bütün bu məsələləri menecerim həll edəcək. İndiki məqsədim statistikamı yaxşılaşdırmaqdır. Eyni zamanda komandam üçün narahatam. Azərbaycanda səhifəmin bağlandığını düşünürlər. Orada gücümü göstərmişəm. Yalnız qonaq kimi istirahətə gələcəyəm. Çünki Azərbaycanı sevirəm və ordan ötrü üçün darıxıram.

- Klublarımız ildən-ilə sizin xidmətinizdə elə də maraqlı olmadılar. Milli üzvü olaraq birdən-birə heç kimə lazım olmamaq sırf meydançadakı oyunla bağlı idi, yoxsa başqa səbəblər də var?
- Bilmirəm səbəbi nədədir, amma Bakıda hər şey mənə çətin gəlirdi. Demək olar ki, həmişə tək idim, ailəmi saymasaq. Heç nəyə baxmayaraq, Allaha şükür edirəm, Azərbaycanda yaxşı vaxt keçirdim. Heç kimdən incimirəm, futbol ədalətsizdir. Ona görə də normal haldır.

- Azərbaycanda “Qarabağ” və “Sabah” istisna olmaqla digər 6 klubun formasını geyinmisiniz. Hansı klub qəlbinizdə xüsusi yer tutur?
- Təbii ki, “Neftçi”.

- Maraqlıdır, ölkəmizdə olduğunuz müddətdə nə vaxtsa “Qarabağ”dan təklif almısınız?
- Xeyr, “Qarabağ”dan heç vaxt təklif almamışam. Qurban Qurbanovun rəhbərliyi altında “Qarabağ”da oynamaq istərdim, ancaq başa düşürəm ki, bu mümkün deyil. Milli komandada onunla birgə işləmişəm, yaxşı məşqçi və gözəl insandır. Ona və ailəsinə yalnız ən yaxşısını arzulayıram.

- Azərbaycanda hansı kluba keçdiyiniz üçün peşmansınız?
- Heç nədən peşman deyiləm. Sadəcə oynamaq istədiyim anlar olub. Futbol isə heç də həmişə bizim istədiyimiz kimi alınmır. Formasını geyindiyim hər kluba minnətdaram.

- Azərbaycanla Belarus çempionatları arasında nə kimi fərqlər var?
- Azərbaycan yüksək liqasında 8, Belarusda isə 16 komanda var. Belarusda futbolu Azərbaycandan daha çox sevirlər. Burada insanlar oyunlara gəlirlər. Hətta uşaqlar da, yaşlılar da maraq göstərirlər. Ancaq iki ölkədəki futbolun və futbolçuların səviyyələrini müqayisə etmək istəmirəm.

- Azərbaycanda futbol ictimaiyyəti digər ölkələrdən olan futbolçuların milliləşdirilməsinə həmişə qarşı olub. Bu amil üzərinizdə təzyiq yaradıb?
- Təzyiq olurdu, amma yavaş-yavaş buna öyrəşdim. Azərbaycanın forması altında oyunlara həmişə böyük həvəslə və ürəklə çıxmışam. Bəzən alındı, bəzən alınmadı, ancaq çox çalışdım. Kiçik də olsa millidə iz buraxdığımı düşünürəm. Azərbaycan yığmasının formasını geyindiyim üçün həmişə minnətdaram. Azərbaycanı sevirəm, ora mənim ikinci evimdir.

- Milliləşdirilmələrin sayının çox olması sizcə, nə ilə bağlıdır? Azərbaycanlı futbolçular Rusiya, Türkiyə, Almaniya, Ukrayna və digər ölkələrdən milliləşdirilən oyunçulardan zəifdirlər?
- Zəif olduğunu deyə bilmərəm. Sadəcə, yerli futbolçulara yaxşı klublara keçməyə kömək edəcək menecerlər yoxdur. Xorvatiyada olarkən oradakı gəncləri gördüm. Deyə bilərəm ki, azərbaycanlı futbolçular da elə oradakılarla eyni səviyyədədir. Bölgələrdə futbolu dirçəldib, uşaq futbolunun inkişafına sərmayə yatırmaq lazımdır. Ondan sonra nəticəsi olacaq. Belədə yaxşı klublarda Azərbaycanı təmsil edən oyunçu sayı da çox olacaq.

- Demək olar ki, 11 il Azərbaycanda yaşadınız. Burada sizi yaxşı və pis mənada ən çox nələr təəccübləndirdi?
- Yalnız yaxşı xatirələrdən bəhs edə bilərəm və həmişə də deyəcəyəm. Orada çörək yedim, pul qazandım, çoxlu dostlarım oldu. Pis şeylər keçmişdə qalsın. Ən əsası, hər şeyə görə Azərbaycana minnətdaram və “çox sağ ol” demək istəyirəm. Pis anları xatırlamaq istəmirəm. Orada keçirdiyim 11 gözəl ili yadımda saxlayıram. “Əlvida” demirəm, “görüşənədək” deyirəm, Azərbaycan.

Ruslan Sadıqov