22:27 27-10-2021
news_image
79
FUTBOL

Maradonanın doğulduğu ev Argentinada tarixi abidə kimi tanındı

Əfsanəvi futbolçu Dieqo Maradonanın doğulduğu ev Argentinada tarixi abidə kimi tanınıb.

Apasport.az saytının məlumatına görə, bu barədə ölkə prezidenti Alberto Fernandes fərman imzalayıb.

Fərmanda Buenos-Ayres əyalətinin Villa Fiorito qəsəbəsində yerləşən Dieqo Armando Maradonanın evi milli tarixin abidəsi kimi tanınması öz əksini tapıb.

Maradonanın 1960-cı il oktyabrın 30-da doğulduğu ev gecəqondular məhəlləsində yerləşir. Ev məhəllənin giriş hissəsinin qabağında kiçik tikilidir və üç otaqlıdır. Onun yanında isə Maradonanın ilk məşqinə başladığı futbol meydançası olub.

FİFA rəsmi saytında keçirilən səsvermədən sonra Maradona XX əsrin ən yaxşı futbolçusu kimi tanınıb. Həmçinin, təşkilat 1986-cı il iyunun 29-da Meksikada keçirilən dünya çempionatının 1/4 finalında Argentina millisinin qalib gəldiyi oyunda Maradonanın İngiltərəyə vurduğu topu “əsrin qolu” adlandırıb.

Maradona cəmi bir neçə ildən sonra həmin qolu əli ilə vurduğunu etiraf edib.

Böyük futbolçu 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib.