23:29 27-10-2021
news_image
106
FUTBOL

Joze Alesio da Silva: “Belə qarşılaşmaları “kilid matç” adlandırırlar”

“Mənzil başına bu gün çatsaq da, yorğunluğa rəğmən məşqimiz yaxşı keçdi. Komandadakı atmosfer məni qane etdi”. 

Apasport.az saytının məlumatına görə, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Joze Alesio da Silva deyib. 

Sabah UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində ilk oyununa çıxacaq təmsilçimiz “Uraqan”la qarşılaşacaq. “Araz-Naxçıvan” Ukrayna çempionu ilə matçın son hazırlığını yekunlaşdırıb və baş məşqçi Joze Alesio da Silva komandanın vəziyyəti, eləcə də rəqib haqda azfutzal.az-a açıqlama verib: 

“Ramiz Çovdarov zədəli olduğuna görə bir müddət məşq etməmişdi. Onun hələ tam hazır olmadığını, fiziki hazırlığında müəyyən çatışmazlığın olduğunu deyə bilərəm. Xətai Bağırov da ilkin mərhələnin son matçında qırmızı vərəqə aldığına görə “Uraqan”la oyunda iştirak etməyəcək. Bunlara rəğmən, komandada hər şey normaldır. Əlbəttə, sabahkı oyun çox əhəmiyyətlidir. Çətin olacaq. Bu gün axşam da videoya baxacağıq. Oyunçularıma müəyyən tapşırıqlar verəcəm”. 

Braziliyalı mütəxəssis bildirib ki, “Uraqan”ın bir neçə oyununa baxıb: “Sıradan rəqib deyil. Əksinə, güclü komandadır. Kollektiv şəkildə əla çıxış edirlər, fərdi bacarıqlarına görə seçilən oyunçuları var. Bir neçə müddətdir bir yerdə çıxış edirlər ki, bu da onların üstünlükləridir. Dörd oyunçusu ölkəsinin milli komandasının üzvüdür. Bir sözlə, komanda şəklində çox güclüdürlər. Həm də nəzərə almaq lazımdır ki, istənilən turnirin, çempionatın ilk oyunu çox çətin keçir. Hətta belə qarşılaşmaları “kilid matç” da adlandırırlar. “Uraqan” bu mübarizəyə doğma meydanda başlayacaq, azarkeşlərin dəstəyini hiss edəcək. İlk məşqdən sonra örtüyün sürüşkən olduğunu deyə bilərəm. Məncə, sabah oyun zamanı bunu hiss etməyəcəyik. Çünki bu zalda ilk dəfə məşq edirdik”.