11:35 28-10-2021
news_image
1469
FUTBOL

Murad Musayevin “Sabah”a gətirmək istədiyi ilk futbolçu – YALNIZ BİZDƏ

“Sabah”a baş məşqçi təyin olunması gözlənilən Murad Musayev transfer çalışmalarına başlayıb.

Apasport.az saytının əldə etdiyi məlumata görə, rusiyalı mütəxəssis paytaxt klubuna gətirmək istədiyi ilk futbolçunu artıq müəyyənləşdirib. 

“Sabah” rəhbərliyi ilə danışıqların son mərhələsində olan 38 yaşlı çalışdırıcı sabiq komandası “Krasnodar”dan bir oyunçunu yenidən sərəncamında görməkdə maraqlıdır. O, Premyer Liqa təmsilçisinin müdafiəçisi Uroş Spayiçi də “Sabah”ın heyətinə cəlb etmək niyyətindədir.

Ötən mövsümü icarə əsasında “Feyenoord”da keçirən Serbiya millisinin üzvünün cari mövsüm “Krasnodar”da işləri o qədər də yolunda getmir. Müntəzəm əsas heyətdə yer almaması, oynadığı zaman əvəzlənməsi, üstəlik, gah avtoqol, gah da qırmızı vərəqə ilə yadda qalması səbəbindən rusiyalıların da 28 yaşlı mərkəz müdafiəçisi ilə bağlı düşüncələri müsbət deyil.

Musayev “Krasnodar”la müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Spayiçin icarəyə götürülməsi üçün şəxsən özü danışıq aparmağa hazırdır. Ancaq əsas problem oyunçunun yüksək məvacib almasıdır. Eyni zamanda müdafiəçi karyerası enişdə olmasına baxmayaraq, Azərbaycan çempionatına maraq göstərməyə bilər.

Qeyd edək ki, iki gün əvvəl “Sabah”la danışıq aparmaq üçün Bakıya gələn Murad Musayevin tezliklə baş məşqçi postuna təyinatı gözlənilir.