13:32 28-10-2021
news_image
457
FUTBOL

Junivan Suarez: "Bakıda futbolu tribunalardakı oturacaqlar üçün oynayırdıq" - MÜSAHİBƏ

Azərbaycan çempionatlarında vaxtilə elə legionerlər top dalınca qaçıb ki, illər keçsə də, onları unutmaq mümkün deyil.

Belələrindən biri də Junivan Suarezdir.

2005-ci ildə Bolqarıstandan “Turan”a gələn, ardınca “Olimpik”in formasını geyinib, sonradan yenə bu iki komandanın uğurları üçün tər tökən braziliyalı forvardın sonuncu dayanacağı “Kəpəz” olmuşdu.

Azərbaycanda top qovduğu ayrı-ayrı zamanlarda ümumilikdə 145 oyunda forma geyinib, rəqib qapılarına 40 dəfə yol tapan Junivanı xeyli müddət Braziliyada axtarandan sonra Türkiyədə tapmaq mümkün oldu.

43 yaşlı “sambaçı” ilə söhbətimiz də elə türk dilində baş tutdu. Hal-əhval tutanda, bəndənizi azərbaycan dilində salamladı: “Salam, qaqaş, necəsən?”

(əvvəli linkdə)

- Amma Tovuzdakı insanlar səni çox sevirdi.
- Çox, lap çox. Tovuzun insanları bir başqaydı. Mən də onları sevirdim və bunu bilirdilər. Darıxmışam onlar üçün. Yaxşı yadımdadır, “Turan”a ikinci qayıdışımda məni çox isti qarşılamışdılar. Halbuki, ilk dəfə ayrıldığım üçün mənə hirsli olacaqlarını təxmin etmişdim.

- Sakit Alıyevi xatırlayırsan?
- Aha-aha, Sakit abi. Yadımdadır.

- Rəhmətə getdi.
- Doğrudan? Allah rəhmət eləsin!

- Namiq Məstanov yadındadır?
- Əlbəttə.

- O da dünyasını dəyişdi.
- Ay, niyə belə? Namiq yaxşı oğlan idi. Çox pis xəbər oldu. Nədən rəhmətə getdilər?

- Sakit Alıyev uzun sürən xəstəlikdən, Namiq Məstanov, səhv etmirəmsə, koronavirusdan.
- Allah hər ikisinə rəhmət eləsin! Yaxşı insanlar idi.

- İman Həsənovu unutmamısan?
- O-o-o, İman, İman, mənim dostum. Ona da nəsə olub?

- Yox, o sağdır. Sadəcə, yadına salmaq istədim.
- İmana bir şey olmaz zatən. Ona bir şey olsa da, məzar qəbul eləməz (gülür). İman mənim dostum idi, zarafatcıl, deyib-gülən. Super insan kimi xatırlayıram onu. Musiqi dəlisiydi o vaxt. Asen Nikolovla maşında bütün günü mahnı oxuyurdular. Salam göndərirəm İmana.

- Yaşıl meydana qayıdaq. “Turan”a ikinci dönüşündən söz açdın az öncə. Maraqlıdır ki, həmin dönəmdə 1 qol belə vura bilmədin.
- Düz deyirsən, “Turan”a qayıdışım uğursuz oldu. Lazımsız vəziyyətdə zədə aldım və həmin zədə mənə oynamağa imkan vermədi. Bərpaya çox vaxt itirdim, özümə gələ bilmirdim.

- Üç fərqli şəhər və rayonda oynamış yeganə legioner futbolçusan, məncə. Sənə harda top qovmaq rahat idi: Tovuzda, Gəncədə, yoxsa Bakıda?
- Bakı yaşamaq üçün əla yerdir, amma futbol üçün yox. Futbolu tribunalardakı oturacaqlar üçün oynayırdıq. Ən prinsipial oyunlara belə, çox az sayda adam gəlirdi. Tovuzda və Gəncədə tam başqaydı. Xüsusən də Tovuzda. İnsanlar oyun günü səhərdən kəndlərdən axışıb gəlirdi. Matçın başlamasına 1 saat qalmış stadionda oturmağa demirəm, ayaq üstə durmağa yer tapılmırdı. Ümumiyyətlə, rayonlarda futbol daha çox sevilir, futbolçulara daha çox maraq göstərilir. Bakıda bütün günü şəhərdə gəzirdim, tanıyan olmurdu. Tovuzda çay içmək üçün bazadan çıxan kimi nə qədər adam yaxınlaşırdı. Sorğu-sual edir, şəkil çəkdirirdilər. İnsanları çox istiqanlıdır oranın. Gəncədə də sevilirdik, diqqət görürdük. Möhtəşəm günlər idi.

- Sən oynayan dönəmdə, demək olar, bütün legionerlər milliyə cəlb olunurdu. Deyəsən, sən də namizəd olmusan.
- Bəli. Berti Foqtsun dönəmində mən də yığmada oynamalıydım. Baş məşqçi “Olimpik”in hansısa matçını izləyəndə, Fabio Luis Ramimlə məni bəyənmişdi. Hətta AFFA-dan kluba məktub da göndərilmişdi. Sadəcə, yığmanın toplanışı öncəsi zədə aldım. Fabio getdi, mən qaldım. Çox üzülmüşdüm həmin an. Çünki ideal formadaydım, milliyə də kömək edə bilərdim. Təəssüf ki, acı xatirə kimi qalıb yadımda.

- Yadımdadır, Əsgər Abdullayev mübariz komanda qurmuşdu.
- Hə, yaxşı məşqçi və insan idi. Hardadı indi?

- Naxçıvandadır, oranın futboluna nəzarət edir.
- Lap yaxşı. Tərlan neyləyir, Tərlan? Bizim kapitan.

- Sizin kapitan məşqçilik edir. “Neftçi”ylə “Keşlə”ni avrokuboklara daşıdı, klub rəhbərləri onu yola saldılar.
- Niyə?

- Dəqiq deyə bilmərəm. Yəqin bildikləri nəsə olub.
- Azərbaycan futbolu dəyişib indi, yoxsa əvvəlki kimidir?

- Yaxşı mənada fərq deyirsənsə, komandalarımız avrokubokların qrup mərhələsinə vəsiqə qazanır, “Qarabağ” Çempionlar Liqasının qrupuna yüksəlmişdi. Amma Premyer Liqada cəmi səkkiz komanda qalıb. Milli biabırçı gündədir.
- O vaxt yaxşı pullar verirdi klublar. İndi pul yoxdur, hə?

- “Qarabağ”la “Neftçi”, bir az da “Sabah” normal maaş verə bilir, qalanları aylıq 5-10 min dollar.
- Çox pis olmuş demək ki. O vaxt çox yaxşıydı.

- Sən nə qədər qazanırdın Azərbaycanda?
- İllik 100-150 min dollar. Amma mən oynadığım komandaların heç biri qalmayıb indi.

- Burda qazandığın pulları neynədin?
- Ev aldım, maşın aldım, ailəmə nələrsə etdim. Boşuna xərcləmədim yəni.

- Azərbaycanlı futbolsevərlərə sözün var?
- Hamısına salam göndərirəm, əsas da “Turan” azarkeşlərinə. Qeyd et ki, onları unutmadım, unutmayacam da. Tovuzda möhtəşəm günlərim keçib. Bir gün mütləq görüşərik, inşallah (sportinfo.az).