14:48 28-10-2021
news_image

Mövlud Mirəliyev: “Bir çəkidə bir dəst medal qazana bilərik” - MÜSAHİBƏ

Kişilərdən ibarət cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Mövlud Mirəliyevin apasport.az saytına müsahibəsi

- Noyabrın 5-7-də Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirinə millimiz hazırdırmı?
- Komandamızın yarışa tam hazır olduğunu demək də düz olmaz. Amma ümumi götürsək, cüdoçular turnirə hazırdırlar. Çünki bir müddətdir toplanışa başlamışıq. Uşaqlar bu yarışda yaxşı çıxış etməlidirlər.

- Əsas millinin baş məşqçisi postunda Bakıda ilk böyük turniriniz olacaq. Bu amil sizə əlavə məsuliyyət vermir?
- Əlbəttə ki, məsuliyyət var. Amma bunun elə bir çətinlik törədəcəyini düşünmürəm. Ümid edirəm ki, yaxşı nəticələr göstərəcəyik. Əsas odur ki, uşaqlar doğma məkanda yarışacaqlar.

- Doğma divarların komandamıza nə kimi köməkliyi ola bilər?
- Fikrimcə, olmalıdır. Həm də elə çəki var ki, 4 idmançı iştirak edəcək. Bu da əlavə üstünlük deməkdir.

- Əsas medal ümidləriniz kimlərdir?
- Çoxundan medal gözləyirik. 60, 66, 73 kq çəkidəkilərin, həmçinin digərlərinin uğurlu nəticə qazanmasına ümid edirik.

- Qeyd etdiniz ki, bəzi çəkilərdə 4 cüdoçumuz iştirak edəcək. Hansısa çəkidə bir dəst medal qazanmağınız nə dərəcədə realdır?
- Bu barədə indidən nəsə demək çətindir. İdmançının özünü necə hiss etməsindən, görüşə köklənməsindən çox şey asılıdır. Məncə, bir çəkidə bir dəst medal qazana bilərik.

- Turnirdə iştirak üçün paytaxtımıza tez gələcək hansısa yığma ilə birgə təlim-məşq toplanışı nəzərdə tutulmayıb?
- Bu il belə bir planımız yoxdur. Amma bu, gələn il nəzərdə tutulub.

- “Böyük Dəbilqə” üçün 31 ölkədən 203 cüdoçu qeydiyyatdan keçib. Hansı yığmanın idmançılarını özünüzə əsas rəqib sayırsınız?
- Cüdo çox populyar idman növüdür. Bütün yığmalar bizə, həmçinin biz onlara təhlükəli ola bilərik. Zəif idmançı yoxdur. Təbii ki, yaponlar, gürcülər öndə gedənlərdir. Xüsusən də, Yaponiya yığmasını qeyd edərdim.