15:16 28-10-2021
news_image

Baş məşqçi: “Gördük ki, Elmarın güləşmək fikri yoxdur, karyerasını bitirmək istəyir”

“Elmar Qasımov məşqlərə gəlmədiyi üçün onun adını “Böyük Dəbilqə” turnirinə yazmadıq. Çünki hazır deyil”.

Bu sözləri apasport.az saytına açıqlamasında cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Mövlud Mirəliyev deyib.

Tokio Yay Olimpiya Oyunları öncəsi yığmadan kənarlaşdırılan və bir müddət öncə Mövlud Mirəliyevin gəlişindən sonra komandaya qayıdan Elmar Qasımovun (100 kq) Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirinə qatılmamasına çalışdırıcı aydınlıq gətirib.

O, 31 yaşlı idmançının yenidən məsuliyyətsiz davrandığını, bu üzdən yığmadan kənarda qaldığını bildirib: “Elmarla danışdıq, məşqə dəvət etdik, hər cür şərait yaratdıq. Bir gün gəldi, dörd gün gəlmədi. Yenə də gözlədik, amma gəlib çıxmadı. Belə vəziyyətdə onu necə turnirə yazaq? Hansısa yarışda iştirak etmir, formada olub-olmadığı bilinmir. Gördük ki, onun güləşmək fikri, həvəsi yoxdur, karyerasını bitirmək istəyir. Biz onda hər hansı bir istək, yarışa qatılmaq həvəsi görmürük. Bir gün gəlib, 3-4 gün gəlməmək məşq etmək sayılmır”.

Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı məşqlərə getməməsinin səbəbi kimi federasiyanın ona lazımi diqqəti göstərməməsini, həmçinin maaşının kəsilməsini göstərib. Lakin baş məşqçi bunun bəhanə olduğunu söyləyib: “Elmarın maliyyə ilə bağlı açıqlaması gəlməməsinə səbəb deyil. Elə uşaq var ki, ailədə 5 nəfərdirlər, amma 500 manat almasına baxmayaraq, yenə də məşqlərə gəlir, ciddi hazırlaşır. Bu səbəbdən Elmarın səsləndirdiyi fikirlər bəhanədir. Hətta rəhbərliklə də danışmışdıq ki, Elmarın formasını bərpa etməyə can atdığını görsək, maaşını artıraq”.

Mövlud Mirəliyev Tokio-2020 Yay Olimpiya Oyunlarına Azərbaycanı təmsil etmiş, həmçinin böyük perspektiv vəd edən Zelim Kotsoyevin adının “Böyük Dəbilqə” üçün açıqlanan ilkin heyətdə olmamasına da aydınlıq gətirib. Onun sözlərinə görə, 100 kq çəkidə mübarizə aparan milliləşdirilmiş legioner atasının xəstə olması səbəbindən vətəni Rusiyadadır: “Kotsoyevin komandamızdakı gələcək taleyi ilə bağlı nəsə deyə bilməyəcəm. Çünki şəxsi məşqçisi ilə söhbətdə cüdoçunun karyerasını bitirəcəyinə işarə vurub”.

Baş məşqçi son zamanlar yığmamızda öz sözünü deməyə başlayan Kəramət Hüseynov (60 kq) və Murad Fətiyevin (81 kq) xidmətindən yararlanmamasının səbəbini isə onların hərbi xidmətə yollanmaları ilə əlaqələndirib: “Kəramət həftəsonu MOİK-ə yollanacaq. Murad isə artıq Fövqəladə Hallar Nazirliyinin hərbi hissəsində həqiqi hərbi xidmətə başlayıb”.

Qeyd edək ki, komandamız “Böyük Dəbilqə”də əsasən gənc cüdoçuları sınaqdan keçirəcək.