22:52 28-10-2021
news_image
115
FUTBOL

Joze Alesio da Silva: “Qarşıdakı oyunlarda sürprizlər ola bilər”

“Birinci hissədə çox pis oynadıq. Hər iki qolda ciddi səhvə yol verdik. Xüsusilə də birinci qol zamanı hansısa real vəziyyət yox idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Joze Alesio da Silva futzal üzrə Çempionılar Liqasının əsas mərhələsinin I turunda Ukrayna klubu “Uraqan”la keçirilən oyun barədə danışarkən deyib.

İvano–Frankovskda baş tutan qarşılaşma ukraynalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Da Silva komandamızın ikinci hissədəki çıxışından razılıq bildirib: “İkinci hissədə daha yaxşı çıxış etdiyimizi düşünürəm. Ancaq heyətimizin kasad olması özünü göstərdi. Əvəzetmələr zamanı fərqli variantları həyata keçirmək imkanım məhdud idi. Ramiz hələ tam formada deyil, buna rəğmən kömək etməyə çalışdı. Paltardəyişmə otağında uşaqlara dediklərimi fasilədən sonra tətbiq edə bildilər. Biz ikinci hissədə “Uraqan”dan daha yaxşı oynadıq”.

Braziliyalı mütəxəssis məğlubiyyətə baxmayaraq, qrupda növbəti matçlara ümidlə baxır: “Rəqibimiz də yaxşı təşkilatlanmış komandadır. Heyət üzvləri gənc olsalar da, uzun müddətdir ki, bir yerdə çıxış edirlər. Bu gün də özlərini yaxşı tərəfdən göstərdilər. Əlbəttə, ilk oyunda uduzmaq yaxşı olmadı. Ancaq mübarizə hələ başa çatmayıb. Qarşıda iki oyunumuz var. “Uraqan” da bizim qədər görüş keçirəcək. Bu qarşılaşmalarda müəyyən sürprizlər qeydə alına bilər. Sabahkı oyunu düşünməli, sona qədər ümidimizi kəsməməli, mübarizəmizi davam etdirməliyik. Bu gün etdiyimiz səhvləri sabah təkrarlamamalıyıq. Yenə deyirəm, kimsə yekun nəticəni indidən deyə bilməz”.

Qeyd edək ki, “Araz-Naxçıvan” qrupda növbəti oyununu sabah Rumıniya klubu “Yunayted Qalati”yə qarşı keçirəcək.